İstanbulda Beşiktaş–Üsküdar marşrutu üzrə hərəkət edən bərədə yaşlı qadın geyiminə görə gənc qadınla mübahisə edib. Daha sonra o, əlindəki əsa ilə gənc qadının ayağına vurub.
Bizim.Media xəbər verir ki, hadisə zamanı yaşlı qadın şort geyinən gənc qadına irad bildirib və onun ünvanına təhqiramiz ifadələr səsləndirib. Tərəflər arasında başlayan şifahi mübahisə bir müddət davam edib.
Hadisə ilə bağlı yayılan görüntülərdə yaşlı qadının gənc qadının yanında dayanaraq mübahisəni davam etdirdiyi görünür. Mübahisə qızışdıqdan sonra qadın əlindəki əsa ilə gənc qadının ayağına zərbə endirib.
Gənc qadın hadisə zamanı oturduğu yerdən baş verənləri mobil telefonu ilə qeydə alıb.
Görüntülərdə bərənin sərnişin salonunda tərəflər arasında mübahisənin davam etdiyi, daha sonra isə yaşlı qadının gənc qadına fiziki müdaxilə etdiyi əks olunub.
Hadisənin digər sərnişinlərin gözü qarşısında baş verdiyi bildirilir.
Bizim.Media