Avqustun 15-dən "Bakı Metropoliteni”ndə Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsinin icrasına başlanılacaq.
Bizim.Media “xezerxeber.az”a istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlaması zamanı deyib.
Onun sözlərinə görə, layihənin icrası ilə əlaqədar metronun "İçərişəhər” – "Həzi Aslanov” istiqamətində qatarların hərəkəti əvvəlki qaydada davam etdiriləcək və "28 May” stansiyası normal iş rejimində fəaliyyət göstərəcək.
"Bununla yanaşı, metronun "28 May” – "Nizami” istiqamətində qatarların hərəkəti tam dayandırılacaq və layihə başa çatanadək həmin hissədə hərəkət yeni sxem üzrə təşkil ediləcək.
Bu müddətdə "Dərnəgül” – "Nizami” istiqamətində qatarların hərəkəti təmin olunacaq. Layihənin təxminən 10–11 ay davam etməsi nəzərdə tutulur. Layihə başa çatdıqdan sonra Yaşıl və Qırmızı xətlər tam müstəqil fəaliyyət göstərəcək, sərnişinlər isə xətlər arasında keçid üçün "28 May” və "Cəfər Cabbarlı” stansiyalarından istifadə edəcəklər”, - deyə qurum rəsmisi əlavə edib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, "28 May” və "Nizami” stansiyaları arasında birbaşa metro əlaqəsinin olmaması səbəbindən yaranacaq çətinliklər nəzərə alınaraq, yerüstü nəqliyyatda əlavə dəstəkləyici tədbirlərin təşkilinə dair qərar qəbul olunub.
AYNA tərəfindən əlavə ekspres xətlərin yaradılması və mövcud xətlərin gücləndirilməsi ilə bağlı tədbirlər görülməsi nəzərdə tutulur.
Layihənin icrasına başlanıldığı vaxtdan etibarən müxtəlif istiqamətlərdə 6 yeni ekspres avtobus marşrutu istifadəyə veriləcək və bir sıra mövcud marşrut xətlərindəki nəqliyyat vasitələrinin sayı artırılacaq.
Avtobusların hərəkəti metronun iş rejiminə uyğunlaşdırılaraq saat 06:00-dan 00:00-dək davam edəcək.
Bizim.Media