Rusiya ordusunun Ukraynaya gecə saatlarında həyata keçirdiyi hava hücumu zamanı buraxılan iki ballistik raket və 27 pilotsuz uçuş aparatını (PUA) vurmaq mümkün olmayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Məlumata görə, hücum zamanı Rusiya ordusu bir ədəd X-59/69 idarəolunan aviasiya raketi, yeddi "İskəndər-M"/S-400 tipli ballistik raket və 136 zərbə PUA-sından istifadə edib.
Ukrayna hava hücumundan müdafiə qüvvələri bir X-59/69 raketini, beş "İskəndər-M"/S-400 ballistik raketini və 104 pilotsuz uçuş aparatını vuraraq və ya radioelektron mübarizə vasitəsilə zərərsizləşdirib.
Bildirilib ki, iki ballistik raket və 27 PUA 18 müxtəlif nöqtəyə düşüb. Bundan başqa, vurulan hədəflərin qalıqları yeddi fərqli əraziyə səpələnib. Hücumun davam etdiyi və Ukrayna səmasında hələ də Rusiya PUA-larının olduğu qeyd olunub.
Hücum zamanı Kiyev də ballistik raketlərlə hədəfə alınıb. Paytaxtın bir neçə rayonunda yanğın baş verib. Desnyanski rayonunda anbar, həmçinin dayanacaqda olan 10 minik avtomobili və bir yük maşını yanaraq məhv olub. Hadisə nəticəsində üç nəfər xəsarət alıb.
Bundan başqa, Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində yerləşən ticarət mərkəzinə də zərbə endirilib.
Nəticədə güclü yanğın baş verib. Yerli mənbələrin məlumatına görə, zərbə şəhərdəki yeganə "Epitsentr" hipermarketinə dəyib.



Bizim.Media