Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Silahlı Qüvvələrinin Rusiyanın daxilində yerləşən iki mühüm neft emalı zavoduna (NEZ) uğurlu hava zərbələri endirdiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı sosial şəbəkə hesablarında məlumat yayıb.
Ukrayna liderinin sözlərinə görə, hədəfə alınan obyektlərdən biri cəbhə xəttindən təxminən 300 kilometr məsafədə, Krasnodar diyarında yerləşən "Slavyanski" neft emalı zavodudur.
Digər zərbə isə Ukrayna sərhədindən təxminən 700 kilometr uzaqlıqda, Yaroslavl vilayətində yerləşən strateji neft emalı müəssisəsinə endirilib.
"Məqsəd Rusiyanın hərbi maşınını zəiflətməkdir"
Zelenski vurğulayıb ki, bu növ uzaqmənzilli əməliyyatlar Rusiyanın döyüş aparmaq imkanlarını və hərbi potensialını maliyyələşdirən iqtisadi resurslarını ciddi şəkildə məhdudlaşdırmağa yönəlib.
O qeyd edib ki, Ukrayna ordusunun "uzaqmənzilli sanksiyaları" rəqib tərəfin daxili infrastrukturuna təzyiqi artırmaqla hərbi maşının səmərəliliyini azaltmaq məqsədi daşıyır.
Bizim.Media