Böyük Britaniyanın paytaxtı Londonda qorxulu anlar yaşanıb. Şəhərin mərkəzi küçələrindən birində minik avtomobili yüksək sürətlə piyadalar üçün nəzərdə tutulmuş zonaya daxil olaraq kütlənin üzərinə sürülüb.
Bizim.Media xəbər verir ki, hadisə nəticəsində ilkin məlumatlara görə, 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə dərhal çoxlu sayda təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunub. Yaralılar ilk tibbi yardımdan sonra xəstəxanalara təxliyə ediliblər.
Böyük Britaniya hüquq-mühafizə orqanlarının operativ müdaxiləsi nəticəsində sükan arxasında olan sürücü hadisə yerindəcə tərksilah edilərək saxlanılıb. İlkin araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs əslən Somalidən olan miqrantdır.
Hazırda hadisənin qəsdən törədilən terror aktı, yoxsa bədbəxt hadisə (idarəetmənin itirilməsi) olduğu variantları London polisi tərəfindən çoxşaxəli şəkildə araşdırılır.
Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.
Bizim.Media