Cəbhə xəttində Rusiya ordusunun logistika və xüsusi hərbi texnikasına qarşı əməliyyatlar davam edir. Ukrayna Silahlı Qüvvələri indiyədək nadir hallarda hədəfə alınan mobil buraxılış qurğusunun sıradan çıxarıldığını elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat və əməliyyatın videogörüntüləri Ukrayna Silahlı Qüvvələrinin Qış Yürüşü Cəngavərləri adına 28-ci əlahiddə mexanikləşdirilmiş briqadasının mətbuat xidməti tərəfindən yayılıb.
Briqadanın rəsmi bəyanatında qeyd olunub ki, Ukrayna hərbçiləri zərbə pilotsuz uçuş aparatı vasitəsilə Rusiya tərəfinin "Şahid" (Shahed) tipli kamikadze dronlarının startı üçün istifadə etdiyi xüsusi modernləşdirilmiş minik avtomobilini (pikap-katapult) tamamilə məhv ediblər.
Hərbi bölmənin açıqlamasında bu hədəfin əhəmiyyəti xüsusi vurğulanıb:
"Bugünkü nadir hədəfimiz — “Şahid” tipli dronların buraxılış qurğusu kimi istifadə edilən maşındır. Bu, cəbhədə ilk belə uğurlu zərbədir. Ukraynanın dinc şəhərlərini bu bəladan qorumağa davam edirik", — deyə məlumatda bildirilir.
Hərbi ekspertlərin rəyinə görə, Rusiya bölmələri son vaxtlar aşkar edilməkdən yayınmaq və start mövqelərini operativ şəkildə dəyişmək üçün bu növ mobil platformalardan intensiv istifadə edirdilər. Nadir hədəfin müvəqqəti işğal altında olan Donetsk hava limanı ərazisində aşkar edilərək vurulduğu qeyd olunur.
Bizim.Media