“Bundan sonra İsrailin Livana qarşı hər hansı bir hücumu ABŞ ilə müqavilənin pozulmasına səbəb olacaq”.
Bizim.Media xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi Tehranda xarici ölkələrin səfirləri ilə görüşündə bildirib.
Xarici işlər naziri cümə günü müqavilənin imzalanmasından sonra yekun razılaşmaya nail olmaq üçün İran-ABŞ danışıqlarının yeni mərhələsinin başlayacağını bildirib:
"İsrailin bundan sonra Livana qarşı hər hansı bir hərbi hücumu və bundan sonra Livan ərazilərinin işğalının davam etməsi bizim tərəfimizdən anlaşma memorandumunun pozulması kimi qəbul ediləcək".
Əraqçi vurğulayıb ki, İsrail qüvvələri Livan ərazisindən çıxarılmadan müharibəyə tam son qoyulmayacaq.
Qeyd edək ki, ABŞ və İran arasında uzun müddətdir davam edən danışıqlardan sonra razılaşma əldə olunub. Yekun saziş iyunun 19-da İsveçrədə imzalanacaq.
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir isə açıqlama verərək, ABŞ-ın İranla razılaşmasının ölkəsi üçün məcburi olmadığını vurğulayıb.
Bizim.Media