Azıx mağarasında aparılan tədqiqatlar Cənubi Qafqazın qədim insanların məskunlaşma tarixindəki rolunu daha dərindən öyrənməyə imkan verir. Müasir arxeometrik və geoloji metodlar vasitəsilə mağarada aşkar edilmiş daş alətlər və digər qalıqlarla yanaşı, iqlim və ətraf mühitdə baş verən dəyişikliklər, eləcə də qədim insanların həyat tərzi araşdırılır.
Bizim.Media xəbər verir ki, bu barədə Baku TV-nin videosüjetində deyilir.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun direktoru, dosent Fərhad Quliyev bildirib ki, Azıx mağarası paleolit dövründə Avrasiyanın məskunlaşma tarixinin, qədim insanların müxtəlif ekoloji şəraitə uyğunlaşmasının, texnoloji davranışlarının və erkən miqrasiya proseslərinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, mağarada təxminən 14-15 metr dərinliyə çatan ardıcıl stratiqrafik çöküntülər mövcuddur. Bu təbəqələr insan fəaliyyətinin tarixini, daş alətlərin hazırlanma texnologiyalarını və yüzminlərlə il ərzində ətraf mühitdə baş vermiş dəyişiklikləri araşdırmağa şərait yaradır.
Danimarkanın Orhus Universitetinin professoru, elmi ekspedisiyanın Danimarka tərəfindən həmsədri Mats Farşou Knutsen isə qeyd edib ki, Azıx mağarasını bir çox digər arxeoloji abidələrdən fərqləndirən əsas xüsusiyyət burada baş verən dəyişiklikləri zaman ardıcıllığı ilə izləməyin mümkün olmasıdır.
Alimin fikrincə, mağarada qeydə alınan dəyişikliklərin regionun digər ərazilərində baş vermiş hadisələrlə müqayisəsi onların qlobal kontekstdə qiymətləndirilməsinə imkan verəcək.
Knutsen Cənubi Qafqazın erkən insan miqrasiyalarındakı dəqiq rolunun hələ tam müəyyənləşdirilmədiyini vurğulayıb. Bununla belə, bir sıra faktlar regionun qədim insanların Afrika, Yaxın Şərq və Avrasiya arasında hərəkətində əhəmiyyətli rol oynamış ola biləcəyini göstərir.
Mövcud fərziyyələrdən birinə görə, müxtəlif erkən insan növləri Cənubi Qafqazdan sığınacaq, eləcə də Avropa və Asiyaya yayılmaq üçün başlanğıc məntəqəsi kimi istifadə etmiş ola bilər. Bu ehtimal regionda daş alətlərin və skelet qalıqlarının aşkarlandığı bir sıra mühüm paleolit abidələrinin mövcudluğu ilə əlaqələndirilir.
Bizim.Media