Kişi yaşlı olduğuna görə ona əl qaldırmaq istəməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsində Ağdaş rayon sakini Samir Xudaverdiyevin (1983-cü il təv.) CM-nin 180.3.2-ci (soyğunçuluq, zərərçəkmiş şəxsə külli miqarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.
Oxu.Az xəbər verir ki, ötən il iyulun 12-də Xətai rayonunun Xudu Məmmədov küçəsində Samir Xudaverdiyev vətəndaş Əhməd Əhmədova qarşı soyğunçuluq edərək, əlindən pulla dolu çantanı alıb qaçıb. Səhərisi gün keçirilmiş axtarış tədbirləri nəticəsində Xudaverdiyev şübhəli şəxs qismində saxlanılıb və törətdiyi əməli etiraf edib. Araşdırma aparılarkən onun 3 dəfə məhkum olunması, iki ay əvvəl isə azadlığa çıxması məlum olub.
İstintaqla müəyyən olunub ki, heç yerdə işləməyən Samir Xudaverdiyev pul əldə etmək üçün “28 may”x9d metrostansiyası ətrafında fəaliyyət göstərən valyutadəyişmə məntəqələrinə girib-çıxan müştərilərə diqqət yetirib. Nəhayət, ayın 12-də o, S.Vurğun parkının yanındakı valyutadəyişmə məntəqəsindən əlində çanta ilə çıxan bir kişinin arxasınca düşüb və onunla birlikdə mərkəzdən Əhmədli qəsəbəsinə gedən sərnişin avtobusuna minib. X.Məmmədov küçəsində avtobusdan düşən şəxsin dalınca gedən Samir yaşayış binasının blokuna daxil olub və zərərçəkən liftə girəndə, cəld əlindən içində 5485 manat olan çantanı alıb qaçıb.
Məhkəmə prosesində Xudaverdiyev ittiham üzrə özünü təqsirli hesab edib. Onun sözlərinə görə, kişi yaşlı olduğuna görə ona əl qaldırmaq istəməyib, çantanı alıb, qaçarkən zərərçəkən qışqırıb. O həmin qəsəbədəki binalardan birinin zirzəmisində gizlənib, sonra isə elə orada tutulub. Çantanın içində 5 minə yaxın pul və bir kitabça olub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 9 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.