Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda olan kartof, soğan, pomidor və xiyarın qiyməti istehlakçıları maraqlandıran əsas məsələlərdəndir.
Sentyabrda bəzi məhsulların ucuzlaşması gözlənilsə də, qarşıdakı aylarda vəziyyət necə olacaq? Payızın sonuna qədər bazarlarda qiymətləri müəyyən edən əsas amillər nələr olacaq?
Bizim.Media xəbər verir ki, aqrar ekspert Allahverdi Mustafayev “Yeni Sabah”a açıqlamasında hazırda kənd təsərrüfatı məhsullarının istehsalının tələbatı ödədiyini bildirib:
“Sadaladığınız kənd təsərrüfatı məhsullarının istehsalı indiki dövrdə tələbatı tam qarşılayacaq səviyyədədir. Yəni hazırda təklif tələbdən üstün deyil, əksinə, mövcud istehsal əsasən tələbi ödəyir”.
Ekspert vurğulayıb ki, artan maaşlar və inflyasiya fonunda qiymətlərin ucuzlaşması gözlənilmir:
“Digər tərəfdən, artan maaşlar və inflyasiya fonunda qiymətlərin ucuzlaşmasını gözləmək doğru deyil. Qiymətlər əvvəlki səviyyədə qalırsa, bunu da qənaətbəxş hesab etmək olar. Yəni bazarda məhsul bolluğu yaranaraq qiymətlərin kəskin şəkildə aşağı düşəcəyini gözləmək real deyil.
Məsələn, pomidora tələbat yüksəkdirsə, istehsal da həmin tələbi ödəyəcək səviyyədə olur. Digər kənd təsərrüfatı məhsullarında da vəziyyət eynidir”.
Bizim.Media