Azərbaycan Mərkəzi Bankı (AMB) baza ssenarisi üzrə ölkədə illik inflyasiya proqnozunu artırıb. Belə ki, Azərbaycanda illik inflyasiyanın 2026-cı ildə 6,1 faiz olacağı proqnozlaşdırılır.
AMB-dən bildirilib ki, yenilənmiş proqnozlara əsasən, illik inflyasiyanın 2026-cı ilin sonunda 6,1 faiz, 2027-ci ilin sonunda isə 5,8 faiz olacağı gözlənilir. Əvvəlki proqnozda bu göstəricilər müvafiq olaraq 5,9 faiz və 4,5 faiz səviyyəsində qiymətləndirilmişdi.
Qeyd olunub ki, 2026-cı ilin iyun ayında 12 aylıq inflyasiya 5,8 faiz təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,1 faiz, ödənişli xidmətlər üzrə 5,6 faiz, qeyri-qida məhsulları üzrə isə 3,8 faiz olub. İllik baza inflyasiyası isə 5,5 faiz səviyyəsində qeydə alınıb.
Mərkəzi Bankın qiymətləndirməsinə görə, illik inflyasiyanın 2027-ci ilin ikinci yarısından etibarən hədəf diapazonuna qayıdacağı gözlənilir. Bildirilib ki, 2026-cı ilin sonuna gözlənilən inflyasiyanın hədəfdən kənarlaşması proqnoz xətası çərçivəsindədir.
Bəs infilyasiyanın daha böyük olmasının səbəbləri nədir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Natiq Cəfərli deyib ki, infilyasiyanın yüksək olmasının bir sıra səbəbləri var:
“Biri AMB-nin elan etdiyi kimi xarici mənşəli xərc amillərinin təsirinin güclənməsidir. Bilirsiniz ki, biz idxaldan çox asılıyıq. Ona görə də xaricdəki qiymət artımı bizim bazara çox tez təsir edir.
Ölkəmizdə infilyasiyanın yüksək olmasına vergi və rüsumların yüksək olması da təsir edir. Nəzarətedici qurumların çoxluğu və onların yazdıqları cərimələr də infilyasiyanı tətikləyir. Məsələn, AQTA hansısa şirkəti cərimə edir. Həmin şirkət də bu cəriməni qiymətləri artırmaqla birbaşa istehlakçıya yükləyir. Bütün bunlar qiymət artımına təsir göstərən amillərdir”.
Surxay Atakişiyev, Bizim.Media