Yaxın Şərqdəki gərginlik qlobal bazarlara ciddi şəkildə təsir etməkdədir. ABŞ-ın və yaxud İranın hər hansı bir hücumundan sonra xüsusilə də neftin qiyməti sürətlə bahalaşır.
Təsadüfi deyil ki, ötən həftənin son günlərində neftin qiyməti yenidən 100 dolları keçdi. Amma son iki gündə davam edən nisbi sakitlik qiymətlərdə bir qədər sabitlik yaratdı. Amma bu “sabitlik” uzun sürə bilməz. Nəinki hücumlar, hətta siyasi bəyanatlar hesabına neftin qiyməti yenidən sıçraya bilər.
Bəs neftin qiyməti hansı həddə qədər bahalaşa bilər?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Fuad İbrahimov deyib ki, bu barədə konkret fikir söyləmək çətindir:
“Çünki ortada nə sülh var, nə müharibə... Sadəcə əzələ nümayişi var. Təbii ki, arada silahlar da danışır. Məhz bu faktora görə neftin qiyməti oynayır. Qeyd edək ki, Fars körfəzi ilə bağlı istənilən informasiya qlobal bazarda neftin qiymətinə təsir edir. Bu da təsadüfi deyil. Çünki qlobal bazarın ehtiyaclarının ən azı 20 faizi Hörmuz boğazından keçir.
Təsadüfi deyil ki, Yaxın Şərqdə baş verənlər son aylarda neftin qiymətini ən azı 2 dəfə bahalaşdırdı.
Bu dəfə proseslər daha neqativ istiqamətdə inkişaf etsə, o zaman neftin qiyməti rekord səviyyədə bahalaşa bilər.
Əgər silahlar yenidən dillənsə və bu proses uzun müddətli olsa o zaman neftin qiymətində impulsiv sıçrayışlar qaçılmaz olacaq. Qiymət artımının 200 dolları keçib, keçməyəcəyini deməksə, bir qədər çətindir. Çünki bazarda qiymətləri tələblə təklif müəyyən edir. Amma aldadıcı alətlər də bazara təsir edə bilir. Məhz bu alətlər hesabına neftin bir barrelinin qiyməti 200 dollardan da yuxarı qalxa bilər. Bu qiymət sıçrayışı dayanıqlı olsa, o zaman qlobal bazarda çox böyük təlatümlər ola bilər”.
Surxay Atakişiyev, Bizim.Media