Əraqçinin bir açıqlaması neft qiymətlərini necə ucuzlaşdırdı? – TƏHLİL

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Aprelin ortasında Azərbaycana qar yağdı, Abşeron yarımadası isə dolu ilə üzləşdi. Həmçinin Xəzərdə ard-arda bir neçə zəlzələ oldu. Necə deyərlər, iqlim dəyişmələri göz qabağlndadır.

Amma bundan da betəri geosiyasi müstəvidəki çaxnaşmalardır. İsrail Livanla müvəqqəti atəşkəs razılaşmasının qələbəsini qeyd edir.

ABŞ-nin İranla atəşkəsi isə 40 günlük dava-qırğından sonra hələ ki, davamlıdır, çünki tərəflər yeni danışıqlara hazırlaşır.

Belə bir şəraitdə rəsmi Tehran bu həftə ona dəyən ziyanı da dilə gətirdi: 270 milyard. Və bu fantastik ziyanın müqabilində İran özünü qalib sayır. Elə rəsmi Vaşinqton da. Donald Tramp ikinci dəfə hakimiyyətə gələr-gəlməz cəmi bir ilə az qala dünyanın yarısı ilə üz-göz olub, yetənə yetib, yetməyənə də əlavə gömrük rüsumu tətbiq edib. Bunun nəyidir qalibiyyət, yəqin bir özünə bəllidir.  

Qlobal bazarlar

İranın Xarici İşlər Naziri Abbas Əraqçinin aprelin 17-si axşama doğru Hörmüz boğazının açılamasına dair bəyanatı dünya birjalarında həm neftin, həm də qaz qiymətlərinin hiss ediləcək səviyyədə aşağı düşməsinə səbəb oldu.

Bazar iştirakçıları bu hadisəni bölgədəki gərginliyin azaldılması və ticarətin bərpası istiqamətində mühüm addım hesab etdi. Nəticədə, London Əmtəə Birjasında Brent markalı neftin fyuçers qiymətləri 88 dollara qədər ucuzlaşdı. Düzdür, sonradan həftəni 90,38 dollar qiymətində başa vursa da, amma həftənin əvvəli ilə müqayisədə 9 dollardan çox ucuzlaşma qeydə alındı. Niderlandın TTF qovşağında təhvil verilməklə satılan 1000 kubmetr qazın qiyməti isə 502 dollara qədər eniş etdi. 

“Abşeron-2” üzrə danışıqlar

Yola saldığımız həftə Bakıda "Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər layihənin bütün iştirakçıları tərəfindən müzakirə edildi. Aprelin 15-də görülən işlərin müzakirəsi SOCAR prezidenti Rövşən Nəcəfin, "TotalEnergies" şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Nikolas Terrazın və Birləşmiş Ərəb Əmirliklərinin XRG şirkətinin beynəlxalq aktivlərin idarə edilməsi üzrə baş vitse-prezidenti Bassem Tadrosun iştirakı keçirilən görüşdə baş tutub.
 

SOCAR-ın ictimailəşdirdiyi məlumatdan məlum olur ki, görüşdə layihə üzrə əldə olunan nəticələr, növbəti icra mərhələləri üçün nəzərdə tutulan addımlar müzakirə olunub, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Xatırladım ki, layihə iştirakçıları artıq "Abşeron" yatağının ikinci mərhələsi üzrə işlərə start veriblər və bununla bağlı ətraf mühitə mümkün sosial təsir sənədlərini ictimaiyyətlə müzakirəyə də çıxarıblar.

Həmin sənədlərdən aydın olur ki, Xəzər dənizində "Şahdəniz" yatağından sonra ikinci böyük qaz yatağı sayılan "Abşeron" yatağının tammiqyaslı işlənməsi layihəsində qaz və kondensat həcmlərini indiki göstəricilərlə müqayisədə daha 3 dəfə artırmaq mümkün olacaq və ilk qazın çıxarılması 2029-cu ilin sentyabr ayına planlaşdırılır. Bunlara zamanında nail olmaq üçün isə artıq cari ilin iyununda Azərbaycan hökuməti ilə “Abşeron” layihəsi iştirakçıları növbəti mərhələ üzrə iş planını təsdiq etməlidirlər.

“Ümid”də daha bir quyu qazılacaq

Əgər “Abşeron-2” layihəsi üzrə hasil edilən qaz tam şəkildə xarici bazarlara yönəldiləcəksə, “Ümid” yatağının növbəti mərhələsinin işlənməsindən əldə edilən mavi yanacaq da indiki hasilat həcmləri kimi daxili bazarımızın ehtiyaclarının təminatına yönəldiləcək.  Bu məqsədlə yatağın istismarına cavabdeh olan "Umid Babek Operating Company" əməliyyat şirkəti ilə "Caspian Oilfield Service" şirkəti arasında "Neptun" özüqalxan qazma qurğusunun Xəzər dənizinin Azərbaycan sektorundakı "Ümid" qaz-kondensat yatağında fəaliyyətinin 2027-ci ilin sonunadək davam etdirilməsinə dair sənəd imzalanıb.
 

Əməliyyat şirkətinin yaydığı məlumata görə, hazırda "Neptun" qurğusu yatağın cənub qanadında qiymətləndirmə quyusunun qazma əməliyyatlarını icra edir. Həmin quyunun layihə dərinliyi 7 min metrdir və SOCAR tarixində qazılacaq ən dərin quyu hesab edilir. Yan lülədən qazılması planlaşdırılan yeni quyu isə müqavilə sahəsində yerləşən digər məhsuldar qatların potensialının müəyyənləşdirilməsinə kömək etməlidir.


“Yaşıl enerji” layihələrinin artan gücü

Onu deyim ki, ölkənin qaz ixracını artırmağın bir yolu hasilata bağlıdırsa, digər yolu ölkə daxilində qaz istehlakının azaldılmasıdır. Sonuncu yol isə yaşıl enerji mənbəli enerjinin istehsalının artımına bağlıdır.

Energetika Nazirliyinin açıqlamasına görə, indiyə qədər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 2 mindən çox ev və ictimai binada damüstü günəş panelləri quraşdırılıb. Həmin günəş panellərinin gücü 7 000 kVt-dan çoxdur, yəni ortalama hər təsərrüfat üçün 3,5 kVt edir.

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev isə bu həftə yaşıl enerji mənbəli elektrik stansiyalarının neçəyə başa gəlməsinə dair məlumatları ictimaiyyətlə bölüşüb. Onun sözlərinə görə, 1 MVt gücü olan günəş elektrik stansiyası üçün kapital qoyuluşu yerindən asılı olaraq 600-800 min dollar, eyni güc külək elektrik stansiyasının inşaası isə 1,2-1,4 milyon dollar arasında başa gəlir. Yəni, 2027-ci ilə qədər Azərbaycanda yalnız "yaşıl energetika"nın inkişafı üçün birbaşa xarici investisiyaların məbləği 2 milyard dollar çərçivəsində nəzərdə tutulur.
 

Burada vurğulamaq istərdim ki, cari ilin ilk rübündə Azərbaycanda külək və günəşdən alınan enerjinin həcmi 300 milyon kVtsaatı keçib. Dövlət Statistsika Komitəsinin açıqladığı məlumata görə, yanvar-mart aylarında ölkədə küləkdən alınan enerji 51,8 dəfə, günəş enerjisi isə 1,1% artıb.


Günəşin qismən görsəndiyi aylarda ortalama günə 830 min kVtsaat elektrik enerjisinin heç nədən əldə edilməsi həqiqətən təqdirəlayiq haldır. İndi görün qarşıdakı günəşli aylarda real nəticələr necə sevindirici olacaq. Məhz yaşıl enerji mənbələrinin mövcudluğu nəticəsində yanvar-mart aylarında Azərbaycanın istilik-elektrik stansiyalarında ötən ilin eyni dövrü ilə müqayisədə istehsalı 4,3% və ya 301,5 mln kVtsaat azaltmaq mümkün olub. 

Neft statistikası

Dövlət Statistika Komitəsinin aylıq hesabatına əsasən, cari ilin I rübündə Azərbaycan 6 mln 611,9 min ton əmtəəlik xam neft və kondensat hasil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə neft həcmləri 3,4% və ya 234,9 min ton azalıb. İndi baxaq görək ilin əvvəlindən aylar üzrə hasilatın dinamikası necə dəyişib. Əgər yanvarda Azərbaycanda 2 mln 247,9 min ton neft və kondensat hasilatı qeydə alınıbsa, fevralda bu göstərici 2 mln 84 min ton, martda isə 2 mln 280 min ton olub. Yəni Azərbaycan hasilatı martda artırmağa nail olub. Bunun özü müsbət haldır. Müsbət olmayanı isə odur ki, ötən illə müqayisədə hasilatda azalma templəri yüksək olaraq qalır.

Bunu isə hasilatla bağlı Energetika Nazirliyinin məlumatlarını təhlil etdikdə görə bilirik. Əsasən də orta günlük hasilat göstəricilərində bu özünü daha dəqiq ifadə edir.

Bu ilin I rübü ərzində günlük 440 min barel neft və 115 min barel kondensat hasilatı qeydə alınıb. Yəni ümumilikdə günə 555 min barel maye karbohidrogen istehsalımız olub. Ötən ilin 3 ayının yekunlarına görə isə  Azərbaycanda gündə 574,3 min barel neft və kondensat hasil edilib. Deməli, cari ildə gündəlik olaraq 19,3 min barel azalma ilə üzləşmişik. Bu isə az həcm deyil.
 

Energetika Nazirliyinin hesabatına görə biz həmçinin daha dəqiq görə bilərik ki, hasilatın azalması hansı yataqlar və şirkətlər üzrə özünü necə göstərib. Hasilatın ən aşağı eniş tempi AÇG yataqlar blokunda qeydə alınıb: 100 min ton və ya 2,5% azalma. Ən yüksək azalma tempi isə "Abşeron" yatağının payına düşüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40 min ton az kondensat çıxarılması və ya hasilatın 28,5 % azalması deməkdir.


Həmçinin "Şahdəniz" yatağında da kondensat hasilatı 10 % azalma nümayiş etdirib. Bu ilin yanvar-mart aylarında SOCAR üzrə hasilat da 5,5 % enib. Yəni görünən odur ki, Azərbaycanda maye karbohidrogenlərin əsas istehsalçılarının hamısı ötən illə müqayisədə daha az neft və kondensat çıxarırlar.

Sadəcə bir fakta baxaq. 2020-2025-ci illər arasında Azərbaycanda neft və kondensat hasilatı 6,85 mln ton azalıb: 34,5 mln tondan gəlib düşüb 27,6 mln tona, yəni orta hesabla ilə 1,14 mln ton azalma olub. Bundan sonra da bu temdə neftin azalması davam edərsə, nəzəri baxımdan artıq 23 il yarıma Azərbaycanda neft erası həqiqi mənada tarixə qovuşa bilər.

Neftdən əldə etdiyimiz qazanc

Birinci rübdə neftdən olan qazancımızı Dövlət Gömrük Komitəsinin son hesabatından görmək mümkündür. Məlumata görə, bu ilin yanvar-mart aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 5,077 mln ton həcmində xam neft ixrac edib. Burada bir haşiyəyə çıxaraq qeyd edim ki, Energetika Nazirliyi şirkətlərin məlumatları əsasında faktiki ixracın təqribən 5,2 mln ton olduğunu bildirib.

Beləliklə, gömrük bəyannamalərinə əsasən xarici bazarda satdığımız neftin dəyəri 2,5 milyard dollardan bir qədər çox olub. İxrac edilən xam neftin həcmi 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə 15,5 %, dəyəri isə 25,1 % azalıb.

Bu statistikadan çıxış etsək, görərik ki, rüb ərzində ixrac etdiyimiz neftin 1 barelinin orta qiyməti 68 dollar cıvarında olub. Təəccüblənirsiniz, elə deyilmi?

Çünki Azərbaycan KİVlərində “Azeri Ligth” markalı neftin mart ayı boyu 100-ü aşan qiymətlərinə heç yaxın da gəlmir.  İndi çalışacam mart ayı üzrə satılan həcmi və dəyəri hesablayım və onu müqayisə edək.

Gömrük statistikasına əsasən, martda ixrac edilən neftin həcmi 1 mln 477 min 526,95 ton, dəyəri isə 796 mln 301 min 90 dollar təşkil edib. Yəni orta hesabla hər barel neftimiz təqribən 74 dollardan satılıb. ABŞ Enerji Administrasiyasının Brent markalı neftin martda orta hərrac qiymətinin 103 dollar təşkil etdiyini açıqladığı zaman Azərbaycan neftinin gömrükdən keçən sənədləşmələrdə niyə hiss ediləcək səviyyədə aşağı qiymətə dəyərləndirilməsi çox maraqlıdır.
 

Məncə, iki qurum bunun dəqiq izahını verə bilər: Dövlət Gömrük Komitəsi və neftimizin əsas satıcısı qismində çıxış edən SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi.


Ona görə də mən dəfələrlə çıxışlarımda qeyd edirəm ki, Maliyyə Nazirliyi, Energetika Nazirliyi və SOCAR neftin aylıq və rüblük ixrac qiymətlərinin açıqlanması praktikasını gerçəkləşdirməlidirlər ki, dövlət büdcəsində proqnoz edilən göstərici ilə müqayisə etmək və reallığa nə dərəcə yaxın olduğumuzu təxmin edə bilək. İnanıram ki, yaxın vaxtlarda qazancla bağlı məsələlələrdə hökumət cəmiyyətə daha ətraflı məlumatı bölüşəcək.       

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı

“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı

Aysundan keçmiş ərinə şok İTTİHAM: “Uşağa dərman lazım olanda...” - VİDEO

Aysundan keçmiş ərinə şok İTTİHAM: “Uşağa dərman lazım olanda...” - VİDEO

10 min nəfərin pensiyası ilə bağlı QƏRAR VERİLDİ

10 min nəfərin pensiyası ilə bağlı QƏRAR VERİLDİ

Sumqayıtda futbol meydançasında faciə - 23 yaşlı oğlan həyatını itirdi

Sumqayıtda futbol meydançasında faciə - 23 yaşlı oğlan həyatını itirdi

Rezidenturaya qəbul olmaq üçün ərizə qəbulu başa çatır

Rezidenturaya qəbul olmaq üçün ərizə qəbulu başa çatır

Ətin qiyməti ilə bağlı ŞAD XƏBƏR

Ətin qiyməti ilə bağlı ŞAD XƏBƏR

Ukraynalı deputatın meyiti avtomobildə TAPILDI

Ukraynalı deputatın meyiti avtomobildə TAPILDI

ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı xəbərlərə İrandan REAKSİYA

ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı xəbərlərə İrandan REAKSİYA

Bakıda kibertəhlükəsizlik üzrə genişmiqyaslı beynəlxalq təlimlərə start verilib - FOTO

Bakıda kibertəhlükəsizlik üzrə genişmiqyaslı beynəlxalq təlimlərə start verilib - FOTO

Qəhvə içənlər dişləri ağ saxlamaq üçün bu üsuldan istifadə etməlidir – Həkimdən XƏBƏRDARLIQ

Qəhvə içənlər dişləri ağ saxlamaq üçün bu üsuldan istifadə etməlidir – Həkimdən XƏBƏRDARLIQ

Xarici turistlərin sevimli dağ bələdçisi vəfat etdi - FOTO

Xarici turistlərin sevimli dağ bələdçisi vəfat etdi - FOTO

“Moyka”da yuduğu maşını qaçırıb, QƏZA TÖRƏTDİ

“Moyka”da yuduğu maşını qaçırıb, QƏZA TÖRƏTDİ

DYP-dən sürücülərə MÜRACİƏT

DYP-dən sürücülərə MÜRACİƏT

Avropa Belarus və Rusiya ilə müharibə istəyirmi? - VİDEO

Avropa Belarus və Rusiya ilə müharibə istəyirmi? - VİDEO

Tanınmış aktyor və həyat yoldaşı biri-birini ÖLDÜRDÜLƏR

Tanınmış aktyor və həyat yoldaşı biri-birini ÖLDÜRDÜLƏR

Yeniyetmələrdəki bu problem onurğa əyriliyinə səbəb OLA BİLƏR

Yeniyetmələrdəki bu problem onurğa əyriliyinə səbəb OLA BİLƏR

ABŞ-da təyyarə evin üzərinə düşdü: Ölən var – FOTO/VİDEO

ABŞ-da təyyarə evin üzərinə düşdü: Ölən var – FOTO/VİDEO

Lukaşenko: “Yaxın Şərqdəki böhran ABŞ-ın həqiqi simasını göstərdi” – VİDEO

Lukaşenko: “Yaxın Şərqdəki böhran ABŞ-ın həqiqi simasını göstərdi” – VİDEO

İrandan Hörmüz XƏBƏRDARLIĞI – “Ya hamı üçün azad olacaq, ya da...” – FOTO

İrandan Hörmüz XƏBƏRDARLIĞI – “Ya hamı üçün azad olacaq, ya da...” – FOTO

Rusiya klubunun üzvü Azərbaycanda OYNAYA BİLƏR

Rusiya klubunun üzvü Azərbaycanda OYNAYA BİLƏR

Kiyevdə terror qurbanlarının sayı artdı: Ölənlər arasında musiqiçi də var – FOTO/VİDEO

Kiyevdə terror qurbanlarının sayı artdı: Ölənlər arasında musiqiçi də var – FOTO/VİDEO

Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ – Paşinyan rəqiblərini belə NEYTRALLAŞDIRIR

Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ – Paşinyan rəqiblərini belə NEYTRALLAŞDIRIR

Tanınmış aktyor "Kızılcık şerbeti"ndə - FOTO

Tanınmış aktyor "Kızılcık şerbeti"ndə - FOTO

Puqaçova Rusiyadakı bank hesablarına 120 milyon yatırıb

Puqaçova Rusiyadakı bank hesablarına 120 milyon yatırıb

End of content

No more pages to load

RADİO