Bu ilin yanvar-fevral aylarında xarici ölkələrdən Azərbaycana 1,17 milyon ABŞ dolları dəyərində 633,5 ton ekzotik meyvə idxal edilib.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 20,7%, həcm baxımından isə 2,8% artıb.
Hesabat dövründə ölkəyə 493 min ABŞ dolları dəyərində 407,7 ton ananas, 598,98 min ABŞ dolları dəyərində 207,5 ton avokado idxal olunub. Eyni zamanda, 73,6 min ABŞ dolları dəyərində 18 ton quayava, manqo və manqostan, 1 030 ABŞ dolları dəyərində 110 kiloqram papaya, 130 ABŞ dolları dəyərində isə 10 kiloqram durian meyvəsi gətirilib.
İdxal ölkələrinə gəldikdə, ananas əsasən Kosta-Rika, Çin və Panamadan, avokado Peru, İsrail və Keniyadan idxal olunub. Quayava, manqo və manqostan Braziliya və Perudan, papaya və durian isə Tailanddan tədarük edilib.
Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycana xarici ölkələrdən ümumilikdə 74 milyon 659 min ABŞ dolları dəyərində 83 min 846 ton meyvə və tərəvəz idxal olunub.
Bizim.Media