Bu gün Bakıda cüdo üzrə böyüklər arasında dünya çempionatına start veriləcək.
Bizim.Media xəbər verir ki, Milli Gimnastika Arenasında keçiriləcək yarışın ilk günündə qadınlar 48 kq, kişilər isə 60 kq çəki dərəcəsində qüvvələrini sınayacaqlar.
Turnirin ilk günündə Azərbaycanın 4 təmsilçisi tatami üzərinə çıxacaq.
Qadınların yarışında 48 kq çəkidə Şəfəq Həmidova 1/32 finalda Nataşa Razafindrakalo (Madaqaskar) ilə, Könül Əliyeva isə 1/16 finalda Mari Di Varqas Ley (Çili) ilə qarşılaşacaq.
Kişilərin mübarizəsində 60 kq çəki dərəcəsində Balabəy Ağayev 1/16 finalda Artsiom Kolasau (Belarus) / Dilşot Xalmatov (Ukrayna) cütünün qalibi ilə, Əhməd Yusifov isə Baxrom Boturov (Özbəkistan) / Tumenjarqal Tuvşintur (Monqolustan) duelinin ən güclüsü ilə rəqabət aparacaq.
Qeyd edək ki, oktyabrın 11-nə qədər davam edəcək yarışda 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparacaq. Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edəcək. Yığmamız həmçinin oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında çıxış edəcək.
Bizim.Media