Meksika Futbol Federasiyası (FMF) Argentina Futbol Assosiasiyasının (AFA) maliyyə tələblərindən sonra 2026-cı il dünya çempionatı öncəsi Argentina millisi ilə yoldaşlıq matçı keçirməkdən imtina edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Record" və "Diario de México" nəşrləri yayıb.
Məlumata görə, AFA əvvəlcə oyun üçün 3 milyon dollar tələb edib, daha sonra bu məbləği 6 milyon dollara qədər artırıb. Meksika tərəfi buna razılıq versə də, Argentina assosiasiyası ödənişin bir neçə müxtəlif bank hesabına köçürülməsini tələb edib. FMF isə məbləğin birbaşa AFA-ya vahid ödəniş kimi köçürülməsini təklif edib, lakin rədd cavabı alıb və nəticədə razılaşmadan imtina edib.
Meksika yığması bunun əvəzinə Portuqaliya və Belçika milliləri ilə yoldaşlıq oyunları keçirəcək.
Qeyd edək ki, bu vəziyyət FTB-nin (Federal Təhqiqatlar Bürosu) AFA-nın "TourProdEnter LLC" şirkəti və beynəlxalq sponsorluq müqavilələri ilə bağlı maliyyə əməliyyatlarını araşdırdığı bir vaxtda ortaya çıxıb.
Bizim.Media