Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin ofisantı bıçaqlama videosu ortaya çıxıb.
Moderator.az-ın məlumatına görə, həmin görüntülərdə Tamerlan Əsədullayevin bu ilin aprel ayının 11-də Yasamal rayonunda, Nəriman Nərimanovun heykəli olan ərazidə fəaliyyət göstərən restoranların birində bir neçə nəfərlə mübahisəsi öz əksini tapıb.
Mübahisənin yekununda isə general oğlu ofisiantı bıçaqlayıb.
Hadisədən sonra Yasamal rayon məhkəməsinin müvafiq qərarı ilə Tamerlan Əsədullayev barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilmişdi.
Məhkəmənin həbs etdiyi general oğlu Kürdəxanıdakı 1 saylı İstintaq Təcridxanasına saxlanılırdı.
Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma,) və və 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilən Tamerlan Əsədullayev avqust ayının 19-da barəsində 3 il şərti cəza təyin olunaraq məhkəmə zalından sərbəst buraxılmışdı.

Milli Məclisin deputatı, hüquqşünas Çingiz Qənizadə deyir ki, bu video artıq gecikmiş bir material sayılır. "Məhkəmə artıq bu videoya baxıb və buna əsasən Tamerlan Əsədullayev öz cəzasını alıb. Restorana dəyən maddi ziyan da hadisəni törədən şəxsə tamamən ödədilib. Məhkəmənin şərti cəza verməsinə səbəb isə zərərçəkən şəxsin xəsarətinin o qədər də ciddi olmamasıdır"-deyə deputat bildirdi.

Çingiz Qənizadə-deputat
Hüquqşünas Aslan İsmayılov isə həmin məhkəmənin obyektiv qərar vermədiyini deyir. Onun sözlərinə görə, 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə görə 5 ildən 12 ilə qədər, 221.3-cü (xuliqanlıq) maddəsinə görə isə qanunvericilikdə 3 ildən 7 ilə qədər iş nəzərdə tutulub.

Aslan İsmayılov-Hüquqşünas
“Bütün yüngülləşdirici amillər də nəzərə alınmaqla Tamerlan Əsədullayevə ən azı 6-7 il verilməli idi. Videodan da görünür ki, generalın oğlu həmin gənci öldürmək istəyir. Lakin o, bu niyyətini ətrafdakı insanların mane törətməsi nəticəsində həyata keçirə bilmir. Belə bir addım atan gəncin azadlığa buraxılması isə mənə bir hüquqşünas kimi qaranlıq qaldi”x9d-deyə Aslan İsmayılov bildirdi.
Moderator.az Meydan TV-yə istinadən bıçaqlanma faktının görüntüləri olan videonu təqdim edir:
Bundan əlavə yerli mətbuatda Bəylər Əyyubovun bacısı oğlu, Lənkəran rayonunun hərbi komissarı Əqid Bayroyevin Masallıdakı toy məclislərinin birində dava saldığına görə saxlanıldığı qeyd olunur.
Masallı rayon Polis İdarəsindən isə ANS PRESS-ə bildirdilər ki, hadisə barədə hər hansı bir şikayət daxil olmadığını və Əqid Bayroyevin saxlanılmadığını bildirdilər.
Məmur övladları və onların yaxınlarının cinayət törətməsi və cəzasız qalması halı ilk deyil . Bundan əvvəl də dəfələrlə belə hadisələrə rast gəlinib. Təsadüfi deyil ki, ölkə başçısı da bu məsələ ilə bağlı öz iradını bildirib.
Prezident İlham Əliyev dəfələrlə vəzifəli şəxslərə və onların yaxınlarını məsuliyyətli olmağa çağırıb. Sonuncu dəfə dövlət başçısı Azadlıq prospektindəki binada baş verən yanğınla əlaqədar Dövlət Komissiyasının iclasında bu məsləyə toxunub.
"Vəzifəli şəxslərin ailə üzvləri cinayət törədirlər, ondan sonra məsuliyyətdən yayınmaq istəyirlər. Əfsuslar olsun ki, onlara himayədarlıq edən dövlət məmurları da var, onları məsuliyyətdən yayındırmaq üçün min cür əməllərdən çıxırlar. Burada oturanlar mənim mövqeyimi bilir. Bir adam, xüsusi ilə dövlət məmuru, böyük vəzifə sahibi məsuliyyətdən qaça bilməyəcək. Məsuliyyətli olmaq lazımdır. Cinayət törətmisənsə, get, cəzanı çək”x9d.-dövlət başçısı belə deyib.
Ürəyi zəif olanların baxması məsləhət görülmür