Azərbaycan birinci Avropa Oyunlarında iştirak etmək üçün ölkəyə gələcək bütün 50 dövlətin olimpiya yığmalarının nəqliyyat və digər xərclərini öz üzərinə götürəcək. Bu haqda Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) birinci vitse-prezidenti Çingiz Hüseynzadə haqqin.az-a bildirib.
Azərbaycan tərəfinin bu qərarı
bəzi ictimai-siyasi xadimlər tərəfindən ciddi etiraza səbəb olub. Onların
fikrincə, manatın məzənəsinin kəskin surətdə ucuzlaşdığı, ölkə iqtisadiyyatının
ciddi problemlərlə üzləşdiyi, neftin dünya bazarındakı qiymətinin əhəmiyyətli dərəcədə
aşağı düşdüyü bir zamanda Azərbaycana gələn komandaların xərclərinin hökumət tərəfindən
üstlənməsi iqtisadi baxımdan ölkəmizə baha başa gələcək yanlış bir addımdır.
Bununla bağlı Moderator.az
saytı və "Hürriyyət" qəzetinə açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu
Azərbaycan tərəfinin məlum qərarının yanlış olduğunu vurğuladı:
"Bildiyiniz kimi, Azərbaycan tərəfi bu oyunların
keçirilməsi ilə bağlı çox böyük vəsait sərf edib. Dünya iqtisadi böhranı,
Rusiyann Ukraynanı işğal etməsi ilə bağlı yaranan böhranın doğruduğu vəziyyət
hesablanmayıb. Bu gün dünyada ciddi bir böhran var. Belə bir böhran şəraitində
isə heç bir dövlət komandalarının yarışda iştirakına vəsait ayırmaq istəmir. İndi
Azərbaycan məcburdur ki, ya bu oyunların təxirə düşməsi ilə razılaşsın, ya da
yarışlara gəlmək istəyən komandaların da pulunu ödəsin. Azərbaycan bu məsələdə
ümid edir ki, idmançılar gələndən sonra ola bilsin ki, bu ölkələrdən həmin
yarışları izləmək üçün turistlər də gəlsin və hökumət qoyduğu xərci çıxartsın.
Lakin unudurlar ki, əgər bu gün idmançıların böhrana görə Azərbaycana gəlmək
imkanı yoxdursa, o zaman adi idmançıların gəlmək imkanı dünəndən yoxdur.
Doğrudur, televiziyalar bu oyunların yayım hüququnu alacaq və s. Lakin
bütünlükdə hökumət olduqca az vəsait qazanacaq".
S.Cəlaloğlunun qənaətincə,
rəsmi Bakının bu qərarı onu ikiqat itki və məhrumiyətlə üz-üzə qoyacaq:
Azərbaycan hökuməti bu
kimi addımları ilə əslində özünü bataqlığa salır. Belə bir deyim var, bataqlığa
düşən şəxs gərək çapalamasın. Çünki nə qədər çox çapalayacaqsa, bir o qədər tez
batacaq. Azərbaycan bu yarışın keçirilməsinə böyük pullar qoyub. İndi isə
yanlış qərarlar hesabına bu pulları çıxartmaq istəyir. Sizdən soruşuram. Əgər
bir ölkənin ki, idmançılarının yarışa gəlməyə pulu yoxdur, o zaman onun adi vətəndaşları
bu yarışı izləmək üçün pulu hardan tapacaq? Belə çıxır ki, Azərbaycan tərəfi
indi bugünə qədər çəkdiyi xərclərdən on dəfə də artıq xərc çəkib yarışların baş
tutmasını təmin etməlidir. Zənnimcə, bu düzgün yol deyil".
ADP sədri hesab edir ki,
Azərbaycan yarışa qatılmayan ölkələrdən çəkdiyi xərclərə görə kompensasiya tələb
etməlidir:
"Azərbaycan hökuməti
olimpiya oyunlarını təşkil edən təşkilat və dövlətlərlə əlaqəyə girməlidir. Tələb
etməlidir ki, bu təşkilatlar iştirakı nəzərdə tutulan dövlətlərin oyunçularının
gəlişini təmin etsinlər. Azərbaycan xarici ölkə oyunçularının ölkəmizə gəlişini
təmin etməyi üzərinə götürməyib ki? Azərbaycan tərəfi üzərinə götürdüyü öhdəliklər
yarışları yüksək səviyyədə təşkil etmək, təhlükəsizliyini təmin etmək, gələn
insanların ehtiyaclarını ödəməkdən ibarətdir. Əgər hansısa dövlətlərin təmsilçiləri
yarışa qatılmırsa, o zaman həmin dövlətlər Azərbaycana kompensasiya ödəməlidir.
Əgər vəziyyət sona qədər bu cür davam etsə, yəni çox ölkə qatılmasa, o zaman Azəbaycan
həmin ölkələrdən çəkdiyi xərci tələb etməlidir. Əks təqdirdə, Azərbaycan ikiqat
maliyyə itkiləri ilə üzləşəcək".
Seymur Əliyev