“Praqada prezidentlərin baş tutacaq görüşündən heç bir nəticə gözləməyə dəyməz”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bu gün Praqada “Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində Ermənistan və Azərbaycan prezidentlərinin keçiriləcək görüşünün nəticəsindən danışarkən deyib.
Onun sözlərinə görə, prezidentlərin baş tutacaq görüşü sadəcə bir faktdır və hadisədir: “Praqa görüşündən konkret bir nəticə gözlənilmir. Münaqişənin həllinin yerindən tərpənməsi üçün heç bir yeni əsas yoxdur”.
Bununla yanaşı Zərdüşt Əlizadə ötən gün bəzi erməni nəşrlərində Ermənistanın heç vaxt 1988-ci il sərhədlərinə qayıtmayacağını və yalnız 1992-ci il sərhədlərinə qayıtmağın mümkünlüyü haqqında dərc edilən yazıya da münasibət bildirib:
“Heç vaxt heç vaxt demək olmaz. Misal üçün, Ukrayna deyirdi ki, biz heç vaxt Krımı itirməyəcəyik. Amma itirdilər. Sovet İttifaqı rəhbərləri ittifaqın heç vaxt dağılmayacağını iddia edirdilər. Ona görə də siyasətdə heç vaxt sözü işlənməməlidir. Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın birmənalı olaraq niyyəti bəllidir və Azərbaycan bir qarış da torpağını güzəştə getməyəcək. Lakin Ermənistan tərəfi hər hansı bir razılaşma haqqında düşünürsə, onlar əvvəlcədən Qarabağda yaşayacaq ermənilərin təhlükəsizliyini, rifahını, tanınma dərəcəsini düşünməlidirlər. Onlar Azərbaycanın federasiya olmasını və Dağlıq Qarabağa status verilməsi kimi təkliflər irəli sürürlər. Azaərbayacn Dağlıq Qarabağa statusun verilməsinə razıdır. Lakin Azərbaycanın dövlət qruculugu məsələləri ermənilərin işi deyil”.