Aprelin 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə tanınmış jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin və onunla birgə təqsirləndirilən Təvəkkül Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi keçirildi. Bu, dəfəki iclasda şahidlərin dindirilməsi nəzərdə tutulsa da, iclas başlananda şahidlərdən heç birinin prosesə gəlmədiyi aydınlaşdı. Məlum oldu ki, T.Qurbanovun mənzilində axtarış aparılarkən hal şahidi olmuş Sevda Aslanova xəstədir, əvvəlki prosesdə ifadə vermiş Zaur Abdullayevin isə məhkəmədə niyə iştirak etməməsi barədə hər hansı məlumat yoxdur.
İlk mübahisə şahidlərin məhkəməyə gətirilməsi ilə bağlı yaşandı. P.Həşimlinin vəkili Elçin Sadıqov vəsatət qaldırdı ki, şahidlər məhkəməyə məcburi gətirilməlidir. Hakim isə bu vəsatəti qəbul etmədi. Bildirdi ki, Z.Abdullayev artıq prosesdə dindirilib: “Sevda Aslanovanın xəstəliyi barədə məhkəməyə sənəd daxil olmayıb. Ancaq biz məcburi gətirilmə haqqında qərar çıxaranda, müvafiq orqanın üstünə vəzifə qoymuş oluruq. Yəni şəxs məcburi şəkildə məhkəməyə gətirilməlidir, əgər bunu etməsələr, müvafiq orqanlar məsuliyyət daşıyır. İndi gedib görsələr ki, o, xəstəxanada müalicə alır, bu halda onu necə gətirə bilərlər?”
Vəkil isə növbəti prosesdə P.Həşimli və T.Qurbanovun şahidlərinin ifadələrinin elanı ilə bağlı təklif verəcəyi ehtimalının olduğunu bildirdi: “Bu halda biz qərarımızın əleyhinə necə gedə bilərik? Bu səbəbdən də məsələnin növbəti prosesdə bir daha müzakirəsi məqsədəuyğun olar”.
“Mənə ailəmlə görüş verilmir, çünki dediklərini etməmişəm”
Proses yeni vəsatətlərin müzakirəsi ilə davam etdi. T.Qurbanovun vəkili onun ifadəsini yazılı şəkildə məhkəməyə təqdim etdi və ifadəsinin ibtidai istintaq zamanı verdiyi ifadə ilə üst-üstə düşdüyünü vurğuladı.
P.Həşimlinin ərizəsi isə məhkəmə prosesinin bir qədər sürətləndirilməsi ilə bağlı oldu. 8 aydır MTN təcridxanasında tək bir kamerada saxlandığını deyən jurnalist işgəncəyə məruz qaldığını da vurğuladı. Bu səbəbdən də P.Həşimli prosesin sürətləndirilib, MTN təcridxanasından köçürülməsini istədi. Bundan sonra hakimlə jurnalist arasında baş tutan dialoq P.Həşimlinin durumunu aydın təsvir etdi.
Hakim: “Bu, ola bilməz, MTN bunu etməz...”
P.Həşimi: Mənə valideyinlərimlə görüş verilmir. Həftədə iki dəfə telefon danışığına hüququm olsa da, buna da imkan verilmir, mənə dövrü mətbuat verilmir. Gətirib yalnız “Xalq qəzeti”ni verirlər. Amma “Xalq qəzeti”nin oxunmasıının özü də bir işgəncədir.
Hakim: Niyə sizə görüş vermirlər ki?
P.Həşimli: Ona görə ki, mən dediklərini eləməmişəm.
Hakim: Axı burada nə problem var? Məhkəməyə ərizə ilə müraciət edin, valideynlərinizlə görüşə şərait yaradaq.
P.Həşimli: Möhtərəm hakim, ən yaxşısı prosesin bir az sürətləndirilməsi və hökmümün elan edilməsidir ki, oradan tez çıxım. Axı istintaq bitəndən sonra bizim MTN-də saxlanlmağımıza nə əsas var?
Hakim: MTN təcridxanası tam qanuni fəaliyyət göstərir və istintaqı da özləri apardığı üçün sənin orada saxlanman da qanunidir.
P.Həşimli: Avropada belə bir təcrübə yoxdur ki, istintaq aparan orqanın öz tədricxanası olsun.
Hakim: Axı nədən narazılıq edirsiniz? Sizə gündə neçə dəfə yemək verirlər?
P.Həşimli: Elçin Behbudov da gəlib mənə verilən yeməyin isti və ya soyuq olmasını soruşur. Mən isə başqa şey deyirəm. Ailə üzvlərimlə görüş verilmir, telefonla zəng edə bilmirəm, kamerada tək saxlanılıram. Təvəkkülün yanında heç olmasa bir banqladeşli var. Mən işgəncəyə məruz qalıram.
Hakim: Siz nə danışırsınız? MTN-də kimsəyə, xüsusilə də sizin kimi adama işgəncə verilməsi mümkün deyil.
P.Həşimli: Necə mümkün deyil? Məni prokurorun yanında MTN əməkdaşları döyüblər, başıma torba keçirib saatlarla saxlayıblar. Bunlar işgəncə deyilmi?
Müzakirələr nəticəsində hakim P.Həşimlinin fikirləri ilə razı olmadığını bildirdi. Onun sözlərinə görə, MTN Azərbaycanın milli təhlükəsizliyinə qarant olan bir qurumdur və bu qurum haqda xoşagəlməz rəy yaratmaq doğru deyil. Proses növbəti vəsatətlərin müzakirəsi ilə davam etdi.
“Həmin silahlar MTN-in anbarından götürülüb”
Öncə vəkil Bəhruz Bayramovun P.Həşimlinin evində axtarış aparılan zaman evinin təhlükəsizlik kamerasının yaddaş kartının götürülməsi ilə bağlı vəsatəti müzakirə edildi. Vəkil dedi ki, P.Həşimlinin evində axtarış zamanı təhlükəsizlik kamerasının yaddaş aparatı götürülüb. Sonra aparat geri qaytarılsa da, yaddaş kartı içində olmayıb: “Həmin yaddaş kartını məhkəmənin istintaqdan almasını və işə əlavə edilməsini xahiş edirik”.
Hakim isə məhkəmənin bu sübutun işə əlavə olunmasına ehtiyac görmədiiyini dedi: “Əgər müdafiə tərəfi buna ehtiyac görürsə, özü istintaqa sorğu versin”.
Daha sonra vəkil B.Bayramovun P.Həşimlinin guya T.Qurbanova verdiyi 2800 dollar pulun üzərində əl-barmaq izlərinin müəyyənləşdirilməsi ilə bağlı ekspertizanın keçirilməsinə dair vəsatəti müzakirə olundu.
Hakim pulun götürülməsindən xeyli müddət keçdikdən sonra orada əl-barmaq izlərinin müəyyənləşdirilməsinin mümkünsüz olduğunu bildirərək bu vəsatəti də rədd etdi.
Bundan sonra P.Həşimlinin T.Qurbanovun avtomobili, evi, o cümlədən özünün evindən götürülmüş silahların istehsal zavoduna sorğu verilməsi ilə bağlı verdiyi vəsatət müzakirəyə çıxarıldı.
“Biz bu silahların Rusiya istehsalı olduğunu bilirik və zavod da Sankt-Peterburq şəhərində yerləşir. Həmin zavoda sorğu verib, silahların nə zaman, hansı ölkənin sifarişi ilə istehsal olunması və hansı quruma verilməsi barədə məlumat alınmasını məhkəmədən xahiş edirik”, - deyə P.Həşimli bildirdi.
Hakim isə bu məlumatların dövət sirri olduğunu və bu məlumatları Rusiya tərəfinin Azərbaycana verməyəcəyini dedi.
Vəkil B.Bayramov isə bildirdi ki, dövlətlərarası razılaşmaya görə, cinayət işinin təqibi ilə bağlı bu məlumatlar veriləcək: “Mərhum Elmar Hüseynovun qətlində istifadə olunan silahla bağlı sorğu verilmişdi və bu silahın Bolqarıstanda istehsal olunması və sonrakı taleyi barədə bütün məlumatlar Azərbaycan tərəfə verilmişdi. Müdafiə tərəfi hesab edir ki, ümumiyyətlə bu silahlar İrandan Azərbaycana keçirilməyib”.
Hakim isə bu iddianın sübut edilməsini müdafiə tərəfindən tələb etdi.
P.Həşimli bildirdi ki, sözügedən silahlar Azərbaycanın sifarişi ilə istehsal olunub: “Həmin silahları MTN-in anbarından götürüb və ”ağent"ləri Təvəkkülə veriblər. İndi siz də istəyirsiniz ki, biz Bakının Xəzərin qoynunda olmasını burada sübut edək".
Müdafiə tərəfinin çıxışlarına baxmayaraq, bu vəsatət də rədd edildi.
“Agent” sözü yenə qalmaqal yaratdı
Daha sonra P.Həşimlinin T.Qurbanovun oğlu Yəhya Qurbanovun prosesdə şahid qismində dindiriıməsi ilə bağlı ötən proseslərdə verdiyi vəsatət müzakirəyə çıxarıldı. P.Həşimli bildirdi ki, Y.Qurbanov istintaqda ifadəsində əlaçı olduğunu deyib. Amma atası T.Qurbanov onun guya kəsirinin olduğunu bildirərək, P.Həşimli ilə tanışlığa can atıb. “Bu adam MTN-in sifarişi ilə bu bəhanədən mənimlə tanışlıq üçün istifadə edib. Əslində isə oğlunun təhsillə bağlı heç bir problemi yox imiş. Hətta ibtidai istintaqda da ifadəsində deyib ki, mənimlə tanışlığı uşağının təhsili ilə bağlı yaranıb. Bu adam ”ağent"dir və mənim şərlənməmdə istifadə edilib".
Ötən məhkəmə iclaslarında olduğu kimi bu dəfə də T.Qurbanovun oğlu məsələsi məhkəmədə gərginliyə səbəb oldu. T.Qurbanov ünvanına deyilən “agent” sözünə cavab olaraq bunları dedi: “Agent sənsən, Əli Nağıyevlə Vəli Nağıyevin dostu sənsən, mən deyiləm”.
T.Qurbanovun konkret adlar çəkməsi hakimin etirazına səbəb oldu: “Sizə MTN əməkdaşları barədə belə şeyləri danışmağı qadağan edirəm. Bu adamlar ölkəmiz, bizim təhlükəsizliyimiz uçün canlarından keçməyə hazırdırlar. Onlar düşmənin içində olurlar, həyatları ilə təmənnasız risk edirlər. Siz isə burada ağzınıza gələni danışırsınız. Belə olmaz”.
P.Həşimli bütün MTN əməkdaşlarının hakimin dediyi kimi olmadığını dedi: “Orada anti-milli adamlar da çoxdur. Elələri var ki, 40 yaşları var, amma kasıbçılıqdan evlənə bilmirlər. Elələri də var ki, Bakıda 3-4 evi var”
Hakim P.Həşimliyə də MTN əməkdaşları barədə danışmağı qadağan etdiyini dedi.
Sonra P.Həşimlinin T.Qurbanova guya silah vermiş Hüseyn adlı iranlının dövlət sərhədindən keçməsi ilə bağlı fotoşəklinin müvafiq orqanlardan alınaraq məhkəməyə təqdim edilməsi barədə vəsatəti müzakirə edildi. Hakim bildirdi ki, istintaq İran vətəndaşları Hüseyn və Rzanın kimliyini müəyyənləşdirə bilmədiyi üçün bu məsələni cinayət işindən ayıraraq, ayrıca cinayət işi çərçivəsində araşdırır: “Həm də biz İrandan Azərbaycana keçən bütün Hüseynləri saxlaya bilmərik. İran əhalisinin yarısının adı Hüseyndir. İndi biz nə edək, hamısını həbs edək?”.
Proses aprelin 17-də saat 12.00-da davam edəcək.
Bu arada vəkil Elçin Sadıqov P.Həşimlinin hüquqlarının pozulması ilə bağlı Avropa Məhkəməsinə şikayət göndərildiyini bildirib.
Xatırladaq ki, P. Həşimli 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı- beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma - üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddələri üzrə ittiham irəli sürülüb.
P. Həşimli ittihamları qəbul etmir, hüquq müdafiəçiliyi və jurnalist fəaliyyətinə görə saxta ittihamla həbs edildiyini bəyan edir. «Amnesty İnternational» təşkilatı Pərviz Həşimlini “vicdan məhbusu” kimi tanıyıb.