Amasiyaya səfəri zamanı millət vəkili Qənirə Paşayeva Amasiya Universitetinin rektoru Metin Orbay ilə görüşüb. Millət vəkilini Amasiyada salamlamaqdan məmnunluğunu ifadə edən Amasya Universitetinin rektoru Metin Orbay qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən məmnunluğunu ifadə edib. Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini deyən Amasya Universitetinin rektoru Metin Orbay Azərbaycanın bütün istiqamətlərdə getdikcə daha da inkişaf etməsindən sevindiklərini bildirib və iki ölkə arasında bütün sahələrdə münasibətlərin daha da inkişafından məmnunluğunu ifadə edib. O, Amasiya Universitetinin də Azərbaycanla əməkdaşlıqdan böyük məmnuniyyət duyduğunu bildirib və Amasiya Universitetində 20-yə yaxın azərbaycanlı tələbənin təhsil aldığını və onların burada təhsil almaları üçün hər cür şəraitin yaradıldığını qeyd edib.
Millət vəkili Qənirə Paşayeva Azərbaycan universitetlərinin Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlığın getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edib və Amasya Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişlənməsinin müsbət hal olduğunu bildirib. Amasya Universitetində 20-yə yaxın azərbaycanlı tələbənin təhsil almasının sevindirici hal olduğunu qeyd edən millət vəkili Qənirə Paşayeva onların burada özlərini öz vətənlərində hiss etmələri və keyfiyyətli təhsil almaları üçün yaradılan hər cür şəraitə görə təşəkkürünü bildirib və azərbaycanlı tələbələrin də öz növbəsində Amasiya Universitetində Azərbaycanı layiqincə təmsil etdiklərinə inanıb.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın bütün istiqamətlərində olduğu kimi təhsil sahəsində də ildən-ilə əlaqələrin genişləndiyini vurğulayan millət vəkili böyüyən gənc nəsillər, universitet tələbələri arasında ortaq tariximizin daha geniş öyrədilməsi və təbliğ olunmasının vacibliyi xüsusi vurğulayıb.
Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Metin Orbaya və Amasiya Universitetində təhsil alan tələbələrə Azərbaycan həqiqətlərinə, mədəniyyətinə, tarixinə dair materiallar, kitablar təqdim edib.
Millət vəkili Qənirə Paşayeva Amasiya Universitetində təhsil Alana tələbələrlə görüşündə lk öncə onlara təhsillərində uğurlar arzulayıb və oxuduqları təhsil müəssisələrində Azərbaycanı layiqincə təmsil etdiklərinə inandığını deyib. Azərbaycanlı tələbələrin ölkəmizi xaricdə təmsil edən nümayəndələri də olduğunu deyən millət vəkili Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında xaricdə təhsil alan azərbaycanlı gənclərin üzərinə böyük vəzifələr düşdüyünü bildirib. Millət vəkili Azərbaycan, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə daha geniş çatdırılması, qondarma “erməni soyqırımı” yalanlarına qarşı mübarizədə gənclərin üzərinə böyük vəzifələr düşdüyünü deyib və sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə çağırıb.
Görüş çərçivəsində millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu kitabların tanıtımı keçirilib və millət vəkili öz imzası ilə müəllifi olduğu kitablarını Amasiya Universitetində təhsil alan Türkiyəli və Azərbaycan tələbələrinə hədiyyə edib.
Millət vəkili Qənirə Paşayeva eyni zamanda Azərbaycan-Türkiyə mədəniyyət mərkəzlərinin, qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə də görüşüb.
Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva Amasiya Universitetindən canlı yayımlanan və 3 saat davam edən Kanal D televiziyasının “Abbas Güclü ilə Gənc Baxış” proqramının qonağı olub.