Azərbaycan Xalq Cumhuriyyətinin banisi
Məhəmməd Əmin Rəsulzadənin əziz xatirəsinə
Yoxikən Qoca Şərqdə bir var yaratdın,
Əridib buzlaqları bahar yaratdın,
Gülü solmuş ağacda bir bar yaratdın,
Bir daha enməz bayraq, dedin cahana,
Sən canından can verdin Azərbaycana!
Üçrəngli bayrağımız yadigarındır.
Amalın, məsləkindir, qibləgahındır,
Canında dövr edən qan sənin qanındır,
Deyirlər pay verməzlər bir candan cana,
Sən canından can verdin Azərbaycana!
Səni işğal edənlər qovulub bu gün,
O sarı burunları ovulub bu gün,
İçindən yana-yana qovrulub bu gün,
Çətin bir də cücərib gəlsinlər cana,
Sən canından can verdin Azərbaycana!
Səhər günəşi kimi üzü gülümsər,
Bir işıqdır, bir nurdur, üzü gülü zər,
Dünyanı başdan başa dolanıb gəzər,
İndi səsi, sorağı düşüb hər yana,
Sən canindan can verdin Azərbaycana!
Səni sevməyənlər də sevəcək bir gün,
Vaxt gələcək, o gün də gələcək bir gün,
Bu millət də, bu xalq da deyəcək bir gün,
Bəsdir daha, qaytarın, haqqını ona,
O canından can verib Azərbaycana!