Macarıstanın Serbiya sərhədini bağlaması və sərhədə yaxın iki bölgədə fövqəladə hal elan edilməsindən sonra qaçqınlar Xorvatiyaya üz tutmağa başlayıb. Moderator.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, dünən gecədən etibarən avtobus və taksilərlə Xorvatiya sərhədindəki Şid şəhərinə gedən qaçqınlar qeyri-qanuni yollarla Xorvatiyaya girməyə çalışır. Xorvatiya-Serbiya sərhədində səkkizi quru, ikisi dəmir yolu olmaq üzrə 10 sərhəd keçid nöqtəsi var.
Qaçqınlar gizli yollardan, əkin sahələrindən keçərək Xorvatiyaya daxil olurlar.
Serbiya-Xorvatiya sərhədindən 20 metr uzaqlıqda olan köhnə bir uşaq xəstəxanası Qaçqınlar və Mühacirlər Komissarlığı tərəfindən sığınacaq mərkəzi kimi təsis edilib. Mərkəzin idarəçisi Radomir Miloşeviç mərkəzin 200 nəfər tutduğunu, xüsusilə ailələr üçün təsis edildiyini, qaçqınlar üçün çadırlar hazırladıqlarını qeyd edib.