İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf ABŞ dövlət katibi Marko Rubionun ölkəsinə dair açıqlamasına münasibət bildirib.
Bizim.Media xəbər verir ki, Qalibaf bu barədə “X” hesabında paylaşım edib və ABŞ-ni “alçaldıcı” məğlubiyyət gözlədiyini bildirib.
“Biz iranlılar tarix boyu özlərini kainatın hökmdarı elan edən və qədim sivilizasiyaları yer üzündən silməyə çalışanlara qarşı durmuşuq. Onlar od-alovla gəlirdilər, lakin toz-torpaq və rüsvayçılıq içində gedirdilər. İskəndərin şöhrətini miras almaq istəyənlər Valerianın taleyini bölüşəcəklər. Siz diz çökəcəksiniz”, - deyə İran parlamentinin sədri qeyd edib.
Makedoniyalı İskəndər eramızdan əvvəl IV əsrdə Fars imperiyasını fəth edib. Roma imperatoru Valerian isə 260-cı ildə Edessa döyüşündəki məğlubiyyətdən sonra Fars şahı I Şapura əsir düşüb. İranda bu hadisə tez-tez qüdrətli rəqibin təhqir olunmasının simvolu kimi nümunə göstərilir.
Qeyd edək ki, Marko Rubio oktyabrın 6-da bildirib ki, İran Hörmüz boğazı üzərində nəzarəti tam olaraq itirib. O, burada əsas arqument olaraq sentyabrda Fars körfəzi ölkələrindən neft ixracı həcmlərinin bərpa edilməsini misal çəkib.
Bizim.Media