Mark Zukerberq və Prissilla Çan tərəfindən yaradılan qeyri-kommersiya təşkilatı “Biohub” insan biologiyasının süni intellekt əsasında “virtual hüceyrə” modelini yaratmaq üçün “Google”, “Meta” və ABŞ hökuməti ilə birgə layihəyə başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” yazıb.
Nəşrin məlumatına görə, məqsəd hüceyrələrin davranışını, xəstəliklərin inkişafını və müxtəlif müalicələrə reaksiyanı əvvəlcədən proqnozlaşdıra bilən rəqəmsal model yaratmaqdır.
Layihəyə “Google DeepMind”, “Meta” və “Alphabet”ə məxsus Isomorphic Labs şirkəti birlikdə 300 milyon dollar sərmayə qoyacaq. ABŞ Energetika Nazirliyi (DOE) və Milli Səhiyyə İnstitutları (NIH) də layihəyə qoşulub.
Ümumi maliyyələşmənin 1,8 milyard dollar təşkil edəcəyi bildirilir. ABŞ Energetika Nazirliyi isə “Genesis Mission” proqramı çərçivəsində beş il ərzində 500 milyon dollardan çox vəsait ayıracaq.
Layihə çərçivəsində böyük həcmli bioloji məlumat bazaları yaradılacaq və alimlər yeni ideyaları laboratoriyada sınaqdan keçirməzdən əvvəl kompüterdə yoxlaya biləcəklər.
Bunun üçün ekzasəviyyəli superkompüterlər, kriyoelektron mikroskopiya və ABŞ milli laboratoriyalarında fəaliyyət göstərən avtonom laboratoriyalardan istifadə olunacaq.
Bizim.Media