Ağıllı cihazların və mobil tətbiqlərin iş dünyasındakı hökmranlığı davam etməsinə baxmayaraq Rusiyada xüsusilə dövlət qurumları və nəhəng şirkətlər təəccüblü bir qərara imza atıblar. Mobil rabitədə yaşanan kəsintilər və mesajlaşma platformalarına gələn qəfil məhdudiyyətlər şirkətlərin ən təhlükəsiz sığınacaq hesab edilən ənənəvi stasionar xəttlərə maraq göstərməsinə səbəb olub.
Bizim.Media xəbər verir ki, yayımlanan son tender və təchizat məlumatlarına görə, nəhəng şirkətlərin stasionar telefon alışı üçün ayırdığı büdcə 2026-cı ilin əvvəlindən etibarən ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfədən çox artaraq 118 milyon rubl təşkil edib.
İlin ilk səkkiz ayında dövlət qurumları və özəl şirkətlər tərəfindən 3 500-dən çox stasionar telefon alınaraq istismara verilib.
Mütəxəssislər texnologiya əsrində baş verən bu geri çəkilmənin arxasında üç əsas səbəbin dayandığını açıqlayıblar. Əsasən mobil şəbəkələrdə yaşanan əlaqə qopmalarının iş axınını pozduğunu qeyd edən mütəxəssirlər, ani mesajlaşma və zəng tətbiqlərinə tətbiq edilən məhdudiyyətlərin də qəbul edilən bu qərarda rol oynadığını bildiriblər.
Digər tərəfdən, şirkətlər kabelli stasionar xətlərin dinlənilməyə və xarici müdaxilələrə qarşı mobil şəbəkələrdən qat-qat təhlükəsiz olduğunu düşünürlər.
Dövlət sektorunda stasionar xəttlərə maraq gündən-günə artsa da, özəl sektor nümayəndələri bu qərara daha ehtiyatla yanaşırlar.
Özəl şirkət rəhbərləri masaüstü telefonlara nəhəng sərmayələr yatırmaq əvəzinə, mobil əhatə dairəsini artıran siqnal gücləndiriciləri və ratsiya (təcili əlaqə) sistemlərini işə salırlar.
Buna baxmayaraq, ölkənin aparıcı telekommunikasiya operatorlarından biri olan "Rostelecom"un səlahiyyətliləri təkcə şirkətlərin deyil, evlərində stasionar telefon xidmətinə qayıtmaq istəyən fərdi abonentlərin də sayında ciddi artım müşahidə olunduğunu bildiriblər. (Milli.Az)
Bizim.Media