Rusiya vətəndaşlarının maddi vəsaitlərini ölkədən çıxarmasına tətbiq edilən məhdudiyyətlər Azərbaycanı da əhatə edir. Qərarın əsas məqsədlərindən birinin ölkədən kapital axınının qarşısını almaq olduğu bildirilir. Lakin bu addım Rusiyada yaşayan azərbaycanlıların da maliyyə əməliyyatlarına təsirsiz ötüşməyəcək. Xüsusilə Azərbaycana pul köçürmələri, bank əməliyyatları və şəxsi vəsaitlərin ölkədən çıxarılması ilə bağlı hansı dəyişikliklərin baş verəcəyi sual doğurur.
Mövzu ilə əlaqədar millət vəkili Vüqar Bayramov Bizim.Media-ya bildirdi ki, Rusiyadan pul axınının tənzimlənməsi artıq son dövrlər müşahidə olunmaqdadır və Rusiya çalışır ki, valyutası öz daxilində qalsın, çünki özünün valyutaya olan tələbi artıb.
“Bu da birbaşa Rusiyaya qarşı tətbiq olunan sanksiyalarla bağlıdır. Sanksiyalar Rusiyanın ixrac imkanlarını məhdudlaşıdırır. Ona görə də ölkədən pul çıxışına limit qoyur. Azərbaycan Rusiyanın əsas ticarət tərəfdaşlarından biridir; hazırda 4-cü ən böyük ticarət tərəfdaşıdır. Təbii ki idxalda da xüsusi paya malikdir. Amma nəzərə alsaq ki, söhbət fərdi vəsaitlərin məhdudlaşdırılmasından gedir, bu o deməkdir ki idxal-ixrac əməliyyatlarını sahibkarlar davam etdirəcəklər”.
Deputat əlavə etdi ki, Rusiyada yaşayan azərbaycanlılar sayı az deyil, bu da o deməkdir ki, onların öz ailələrinə kifayət qədər pul köçürmələri var.
Onun sözlərinə görə, Rusiyadan Azərbaycana pul köçürmələrinə necə təsir göstərəcəyi növbəti mərhələdə daha dəqiq qiymətləndirmək mümkün olacaq.
Şəfiqə Şəfa, Bizim.Media