ABŞ-ın Tennessi ştatında 1995-ci ildə kurs yoldaşını öldürməkdə təqsirli bilinərək ölüm cəzasına məhkum edilən 50 yaşlı Krista Paykın edamı uğursuz nəticələnib.
Bizim.Media “Associated Press” nəşrinə istinadən xəbər verir ki, sentyabrın 30-da həyata keçirilməsi planlaşdırılan edam zamanı məhbus qadına iki dəfə ölümcül preparat – pentobarbital yeridilib. Lakin o, hər iki inyeksiyadan sonra sağ qalıb.
Paykın vəkillərinin sözlərinə görə, inyeksiyalardan sonra qadın sağ olub və yüksək səslə xoruldayıb. Daha sonra o, təcili tibbi yardım avtomobili ilə həbsxanadan aparılıb.
Qeyd edək ki, edamdan təxminən bir saat əvvəl apellyasiya məhkəməsi prosedurun dayandırılması barədə qərar qəbul edib. Lakin ABŞ Ali Məhkəməsi bu qərarı ləğv edib.
Şahidlərin sözlərinə görə, Payk edam otağına saat 19:27-də gətirilib. İlk inyeksiyadan sonra o, huşunu itirməyib və əlində yaranan hisslə bağlı “əlim belə hiss etməlidir?” deyə soruşub.
Saat 20:26-da ona ikinci doza pentobarbital yeridilib. Bundan sonra şahidlər saat 20:53-dək onun xorultusunu eşidiblər. Daha sonra edam otağındakı mikrofon söndürülüb.
Ölüm cəzası üzrə ekspert və Ölüm Cəzası İnformasiya Mərkəzinin icraçı direktoru Robin Maher hadisəni “unikal və presedentsiz” hal kimi qiymətləndirib.
Onun sözlərinə görə, əvvəllər ölüm hökmünün icrası zamanı məhbusların damarlarına düşmək mümkün olmadığı üçün edamların uğursuz olduğu hallar qeydə alınıb. Lakin ölümcül preparatların yeridilməsindən sonra məhbusun sağ qalması ilə bağlı belə hadisənin əvvəllər baş verdiyi məlum deyil.
Tennessi Ştatının Cəzaçəkmə Müəssisələri Departamentinin nümayəndəsi Dorinda Karter isə hadisə ilə bağlı əlavə məlumat verə bilməyəcəyini açıqlayıb.
Qeyd edək ki, Krista Payk və onun sevgilisi 1995-ci ildə 19 yaşlı kurs yoldaşları Kollin Slemmerin qətlində təqsirli bilinərək məhkum ediliblər. İstintaqın məlumatına görə, qətldən sonra cütlük Slemmerin bədəninə pentagram həkk edib və hadisə yerində digər satanist simvollar qoyub.
Paykın vəkilləri onun uşaqlıq dövründə zorakılığa və cinsi təcavüzə məruz qaldığını, lakin məhkəmə prosesində andlılar heyətinin bu halları müttəhimin mənəvi məsuliyyətini qiymətləndirərkən nəzərə almaq imkanının olmadığını bildiriblər.
Bizim.Media