Malayziyanın paytaxtı Kuala-Lumpur dünyanın ən çirklənmiş şəhərləi siyahısında liderdir.
Bizim.Media "Agence France-Presse" (AFP) agentliyinə istinadən xəbər verir ki, buna səbəb qonşu İndoneziyadakı meşə yanğınlarının tüstüsü olub.
Bu səbəbdən şəhəri artıq bir aydan çoxdur ki, duman bürüyüb.
İsveçrənin "IQAir" şirkətinin məlumatına görə, sentyabrın 30-u səhər saatlarında Malayziya paytaxtında hava keyfiyyəti indeksi (AQI) 166-ya çatıb. Sinqapurda bu göstərici 155 təşkil edir. Bu göstərici onu dünyanın ən çirklənmiş böyük şəhərləri arasında üçüncü yerə çıxarıb.
Qeyd edək ki, AQI göstəricisinin 150-dən yuxarı olması sağlamlıq üçün təhlükəli, 300-dən yuxarı olması isə həyat üçün riskli hesab olunur.
Məlumat üçün bildirək ki, şəhərləri cənginə alan tüstü Borneo və Sumatra adalarındakı yanğın ocaqlarından gəlir. Cənub-Şərqi Asiya ölkələri üçün transsərhəd hava çirklənməsi vaxtaşırı problemə çevrilsə də, bu il vəziyyət xüsusilə ağırlaşıb. "El-Ninyo" iqlim fenomeni ilə əlaqədar isti və quraq hava İndoneziyada yanğınların yayılmasına şərait yaradır. Yanğınların bir hissəsi həm də torpaq sahələrinin təmizlənməsi ilə bağlıdır ki, bu da alovla mübarizəni çətinləşdirir.
Bizim.Media