Kenyada itən keçisini axtarmaq üçün yola çıxan 33 yaşlı Manasse Lomaçarın başına gələnlər dünya mediasında gündəm olub.
Bizim.Media xəbər verir ki, Lomaçar axtarış zamanı çay yatağında palçıq və qumu ələyərək qızıl axtaran qadınlarla qarşılaşıb.
Bəxtini sınamaq üçün qadınlara qoşulan Lomaçarın səyləri tezliklə bəhrəsini verib. Təxminən 3 qram qızıl tapan Lomaçar onu 36 min Kenya şillinqinə (təxminən 280 dollar) satıb.
Lomaçarın qızıl tapmasından sonra Çepororda daha böyük qızıl yataqlarının olması ilə bağlı şayiələr sürətlə yayılıb. Xəbərin qısa müddətdə ətraf ərazilərə yayılmasından sonra minlərlə insan qızıl tapmaq ümidi ilə Çeporora yönəlib.
Lakin bölgədəki hərəkətliliyin yalnız Lomaçarın tapdığı qızıllarla məhdudlaşmadığı bildirilir.
Qərbi Pokot dairəsinin rəsmisi Samuel Kiarie yerli gənclərin daha böyük bir yataq kəşf etdiyini, ertəsi gün isə qadınların eyni ərazidə xeyli miqdarda qızıl tapması haqqında məlumatların gəldiyini qeyd edib.
Bölgədə nə qədər qızılın olduğu və yatağın ticarət baxımından nə dərəcədə dəyərli olacağı hələlik dəqiqləşməyib. Buna baxmayaraq, xəbərin yayılması ilə sakit bölgə qısa müddətdə izdihamlı mədən sahəsinə çevrilib. Yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, qızıl axtarmaq üçün Çeporora gələnlərin sayı pik həddə - 10 min nəfərə çatıb.
Bizim.Media