Yaxın günlərdə M1 nömrəli ekspres marşrutlarına sərnişinlərin minməsi prosesini sürətləndirmək üçün əlavə ikinci validatorlar quraşdırılıb. Əlbəttə bu, sərnişinlərin işini asanlaşdırır, gözləmə müddətini isə azaldır.
Maraqlıdır, digər marşrutlarda, xüsusilə Bakıətrafı qəsəbələrdə fəaliyyət göstərən avtobuslarda da ikinci validatorlar quraşdırıla bilər?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, hələlik bununla bağlı məlumat yoxdur. Bu istiqamətdə əlavə məlumat olduqda təqdim ediləcək.
Nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə isə ekspres avtobuslara əlavə validatorun quraşdırılması ilkin mərhələdə bir növ sınaq xarakterlidir.
Əgər gələcəkdə özünü doğrultsa, başqa digər marşrutlara da bu aparatlar qoşula bilər:
"Əlavə validatorların quraşdırılması sərnişinlərin avtobusa daha sürətli və rahat minməsini təmin edir, bu da dayanacaqlarda ləngimələrin və növbələrin azalmasına kömək edir. Vaxt itkisinin qarşısını alır. Yəni bu birbaşa olaraq sərnişinin rahatlığı üçün təşkil olunur".
Ekspert bildirib ki, əlavə validator sərnişin sıxlığını tənzimləmir, sadəcə sərnişinin avtobusa daha tez minməsini, ödənişin sürətli həyata keçirilməsini təmin edir.
Məlumat üçün bildirək ki, xarici təcrübədə də sərnişin axınının sürətləndirilməsi üçün avtobusların yalnız ön hissəsində deyil, digər qapılarında da validatorlardan istifadə olunur.
Məsələn, London, İstanbul, Tbilisi avtobuslarında orta qapının yanında kontaktsız ödəniş üçün validatorlar quraşdırılıb. Bu sistem sərnişinin ödənişi avtobusa minərkən daha sürətli həyata keçirməsinə imkan verir.
Nəzrin Mirzəyeva, Bizim.Media