Avropada rekord temperatur və uzunmüddətli istilik dalğaları dənizlərin temperaturunu da kəskin artırıb. Mütəxəssislər bunun dəniz ekosistemlərinə və qurudakı həyata ciddi təsir göstərə biləcəyini bildirirlər.
Bizim.Media xəbər verir ki, Avropada hökm sürən rekord isti hava dənizlərin temperaturunun da əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olub. İrlandiya sahillərindən Aralıq dənizinə qədər geniş ərazilərdə qeydə alınan istiləşmə dəniz ekosistemlərini təhlükə qarşısında qoyub.
Beynəlxalq iqlim araşdırma qrupu World Weather Attribution-un məlumatlarına görə, qlobal iqlim dəyişikliyi Aralıq dənizinin suyunun orta temperaturunu təxminən 2 dərəcə artırıb. Qərbi Avropa sularında isə əlavə istiləşmə 1,4 dərəcəyə çatıb.
İyulun ən isti günlərində Aralıq dənizinin bəzi hissələrində səth suyunun temperaturu normadan 6 dərəcə yüksək olub.
İstilik dalğalarının Biskay körfəzi və Pireney yarımadası sahillərinin 90 faizinə, Qərbi Aralıq dənizinin isə 80 faizinə təsir etdiyi bildirilib. Mütəxəssislərin fikrincə, insan fəaliyyəti nəticəsində yaranan qlobal istiləşmə olmasaydı, bu göstərici təxminən 40 faiz səviyyəsində qalardı.
Dəniz suyunun temperaturunda cəmi bir neçə dərəcəlik dəyişiklik belə canlılar üçün ciddi təhlükə yarada bilər. Tədqiqatçılar bildirirlər ki, mərcan rifləri temperaturun cəmi 1 dərəcə artması zamanı belə məhv olmaq təhlükəsi ilə üzləşir.
Bir çox balıq növü daha sərin sularda yaşamaq üçün şimala doğru hərəkət etməyə başlayıb. Canlıların yaşayış arealının dəyişməsi dənizdəki qida zəncirini poza və ekosistemin tarazlığını dəyişə bilər.
Balıq növlərinin azalması isə bölgədə balıqçılıq sektoruna birbaşa təsir göstərir.
Dəniz suyunun temperaturunun yüksəlməsi yalnız sualtı canlıları təhlükə qarşısında qoymur. İsti dənizlər sahilyanı ərazilərdə rütubətin artmasına səbəb olaraq istilik dalğalarının insanlar üçün daha ağır keçməsinə şərait yarada bilər.
Mütəxəssislər gələcəkdə mümkün “Super El Niño” hadisəsinin də təsirlərini nəzərə alaraq dənizlərdəki istiləşmənin həm sualtı ekosistemlər, həm də qurudakı həyat üçün ciddi risklər yarada biləcəyini vurğulayırlar. (Musavat.com)
Bizim.Media