İtaliyanın cənubundakı Siciliya adasında yerləşən Regional Muzeydən (MuMe) erkən Renessans dövrünün məşhur italyan rəssamı Antonello da Messinanın dörd əsəri oğurlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Rai News” məlumat yayıb.
Oğurluq avqustun 15-nə keçən gecə baş verib. San-Qreqorio poliptixinin beş panelindən üçü muzeydən aparılıb, iki panel isə yerində qalıb.
Bundan başqa, üzərində Madonna və Məsihin “Pieta” təsvirləri olan, hər iki tərəfi işlənmiş lövhə də oğurlanıb. Əsər gücləndirilmiş xüsusi futlyarda saxlanılırdı.
Hadisə ilə bağlı prokurorluq araşdırmaya başlayıb. İstintaq zamanı muzeydə bir neçə müşahidə kamerasının, müasir siqnalizasiya sisteminin və gecə növbəsində mühafizəçinin olduğu müəyyənləşdirilib.
Hazırda istintaq bir neçə versiyanı nəzərdən keçirir. Onlardan biri oğurlanan sənət əsərlərinin qara bazarda satılması məqsədilə peşəkar şəkildə təşkil edilmiş oğurluq ehtimalıdır.
Messina şəhərinin mədəniyyət üzrə müşaviri Enzo Karuzo bildirib ki, muzeydən şəhər üçün ən mühüm iki əsər, xüsusilə də Antonello da Messinanın əsərləri oğurlanıb.
“Bu, faciədir. Bunlar əvəzolunmaz əsərlərdir. Təkcə kiçik tablonun dəyəri 15 milyon avro idi. San-Qreqorio poliptixinin qiymətini təsəvvür edin”, – Karuzo deyib.
Onun fikrincə, oğurluq peşəkarlar tərəfindən əvvəlcədən planlaşdırılıb.
Bizim.Media