Qərblə Gürcüstan arasında münasibətlər yenidən gərginləşir. Bu dəfəki gərginliyin səbəbi isə İran faktorudur.
Nəzərə alaq ki, regionumuz son illərdə yalnız geosiyasi rəqabətin deyil, həm də sanksiyalardan yayınma, qeyri-şəffaf maliyyə əməliyyatları və transmilli biznes şəbəkələrinin mübarizə meydanına çevrilib. Bu baxımdan Gürcüstanın İranla iqtisadi münasibətləri xüsusi diqqət çəkir.
Söhbət yalnız ticarətdən getmir. Əsas məsələ İranın beynəlxalq maliyyə sisteminə çıxışının məhdudlaşdırıldığı bir şəraitdə Gürcüstanın bəzi biznes və maliyyə kanallarının Tehran üçün nə dərəcədə əlverişli tranzit məkanı ola bilməsidir.
Bunun tarixi artıq mövcuddur
ABŞ Maliyyə Nazirliyinin hələ 2014-cü ildə açıqladığı sənədlər bu məsələnin yeni olmadığını göstərir. ABŞ Gürcüstanda fəaliyyət göstərən Pourya Nayebi, Houshang Hosseinpour və Houshang Farsoudeh adlı şəxsləri İran sanksiyalarından yayınma fəaliyyətinə görə sanksiyaya məruz qoymuşdu.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, həmin şəxslər Gürcüstanda lisenziyalı bankın nəzarət paketini əldə etmiş və həmin bank vasitəsilə İranın sanksiyaya məruz qalmış “Bank Melli”, “Bank Saderat”, “Bank Tejarat” və “Mir Business Bank” kimi maliyyə qurumları ilə on milyonlarla dollar həcmində əməliyyatlar aparmışdılar. ABŞ tərəfi həmçinin Gürcüstanın maliyyə tənzimləyicilərindən İran bankları ilə bağlı müəyyən əməliyyatların gizlədildiyini bildirmişdi.
Bu hadisə mühüm bir məqamı ortaya qoyur ki, İranın sanksiyalardan yayınma mexanizmləri yalnız Yaxın Şərqdə deyil, xarici bank sistemlərinə çıxış əldə edilən ölkələrdə də qurula bilir.
İranı Gürcüstana marağının sirri
Gürcüstanın coğrafi mövqeyi onu belə şəbəkələr üçün potensial əhəmiyyətli edir. Ölkə İran, Türkiyə, Rusiya və Qara dəniz limanları arasında yerləşir. Üstəlik, Gürcüstanın Avropa və beynəlxalq maliyyə sisteminə inteqrasiyası onun bank və logistika infrastrukturunu regional biznes üçün cəlbedici edir.
2025-ci ildə yayımlanan araşdırmada Gürcüstanda təxminən 13 min İran şirkətinin qeydiyyatda olduğu bildirilirdi. Daha diqqətçəkən məqam isə bu şirkətlərin bir hissəsinin fiziki fəaliyyət izlərinin zəif olması və yüzlərlə şirkətin eyni ünvanlarda qeydiyyata alınmasıdır. Araşdırmaya görə, Tbilisidə bir yaşayış binasında təxminən 700 İran şirkəti, 100 nəfər sakini olan Dunta kəndində isə təxminən 800 İran şirkəti qeydiyyatda göstərilib. Bu vəziyyət sanksiyalardan yayınma ilə bağlı ciddi suallar yaradıb.
Kriptovalyuta üzərindən çirkli pulların yuyulması mexanizmi
ABŞ Maliyyə Nazirliyi “SHPS Shelbit” və onunla əlaqəli kripto platforması “Shelbit Exchange”-ə qarşı sanksiyalar tətbiq edib. Vaşinqton onların Gürcüstanda fəaliyyət göstərdiyinə və İran və İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) xeyrinə beynəlxalq çirkli pulların yuyulması və sanksiyalardan yayınma sxemində iştirak etdiyi qənaətindədir.
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) məlumatına görə, Gürcüstanda qeydiyyatdan keçmiş hüquqi şəxs İran rejiminin təhlükəsizlik qüvvələrinə məxsus kripto aktivlərinin tranziti üçün əsas mərkəz rolunu oynayıb.
OFAC-ın bildirdiyinə görə, Shelbit Exchange İslam Respublikasından kənarda yaşayan iki İran qurumu tərəfindən idarə olunur. Amerikalılar onların ümumilikdə on milyonlarla dollar pul yuduqlarına inanırlar.
Məsələ yalnız “çirkli pul” deyil
İranın maliyyə şəbəkələrinə münasibətdə “çirkli pulların yuyulması” ilə “sanksiyalardan yayınma” anlayışlarını fərqləndirmək vacibdir.
FATF İranı yüksək riskli yurisdiksiyalar sırasında saxlayır və ölkədə çirkli pulların yuyulması, terrorçuluğun maliyyələşdirilməsi və yayılmanın maliyyələşdirilməsi ilə mübarizə sistemində strateji çatışmazlıqlar olduğunu bildirir.
FATF-in İranla bağlı ayrıca hesabatında isə ölkənin sanksiyaların təsirini azaltmaq üçün xaricdəki biznesmenlərdən, valyuta dəyişmə məntəqələrindən, banklardan və digər maliyyə kanallarından istifadə edə bildiyi qeyd olunur.
Deməli, Gürcüstan məsələsində əsas risk yalnız cinayət yolu ilə əldə edilmiş vəsaitlərin “təmizlənməsi” deyil. Daha böyük problem İranın beynəlxalq maliyyə məhdudiyyətlərini üçüncü ölkələr üzərindən keçmək imkanının yaradılmasıdır.
Yeni geosiyasi risklər
2026-cı ildə İran ətrafında hərbi-siyasi gərginliyin artması bu məsələnin əhəmiyyətini daha da yüksəldir. ABŞ son aylarda İranın maliyyə şəbəkələrinə qarşı kriptovalyuta platformaları, valyuta mübadiləsi və kölgə bankçılığı kanallarını hədəf alan yeni sanksiyalar tətbiq edir. Məsələn, 2026-cı ilin iyulunda “Reuters” agentliyi İranla əlaqəli şəbəkənin ən azı 4 milyard dollar həcmində əməliyyatları sanksiyalardan yayındırmaq üçün istifadə etdiyini üzə çıxarıb.
Bu kontekstdə Cənubi Qafqazdakı hər bir maliyyə və logistika kanalı daha böyük əhəmiyyət qazanır.
Məsələ Azərbaycan üçün niyə əhəmiyyətlidir?
Məsələ Azərbaycan üçün xüsusilə həssasdır. Gürcüstan Azərbaycanı Türkiyə və Qara dəniz istiqamətləri ilə birləşdirən əsas nəqliyyat və enerji qovşaqlarından biridir. Digər tərəfdən İran çirkli pulların yuyulmasında Borçalıda yaşayan azərbaycanlıların da imkanlarından yararlanır. Bununla da İranın xüsusi xidmət orqanları həm Gürcüstandakı soydaşlarımızı qanunsuz maliyyə fəaliyyətinə təşviq edir, həm də onların üzərində təsir imkanlarını artırır.
Buna görə Gürcüstanda İran mənşəli qeyri-şəffaf maliyyə və biznes şəbəkələrinin genişlənməsi yalnız Tbilisinin daxili problemi deyil.
Belə şəbəkələr regional bank sistemlərinə risk yarada, beynəlxalq sanksiyaların Cənubi Qafqazda effektivliyini zəiflədə, qanuni ticarət və tranzit kanallarından sui-istifadə riskini artıra, İranın iqtisadi və siyasi təsir imkanlarını genişləndirə və regionun beynəlxalq maliyyə reputasiyasına zərbə vura bilər.
Bizim.Media-nın analitik qrupu