Çin Elmlər Akademiyasından Li Ke və onun komandası tekstil sektorunda yeni dövr başlada biləcək bioloji materiala imza atıb. Nüfuzlu elmi jurnal olan "Science Advances"-da dərc edilən araşdırmada parazit göbələk növündən istifadə olunaraq özünü təmir edə bilən parça əldə edilib və bu materialdan bir paltar dizayn edilib.
Bizim.Media xəbər verir ki, tədqiqatçılar "Cordyceps militaris" göbələyini maye mühitdə kiçik kürəvi hissəciklər şəklində yetişdirdikdən sonra təmizləyərək xüsusi qəliblərə yerləşdiriblər.
Zamanla bir-birinə sarılan hissəciklər heç bir sintetik şəbəkəyə ehtiyac duymadan tək parça təbəqə əmələ gətirib. Struktursal sərtliyi azaltmaq və elastiklik qazandırmaq məqsədilə qliserindən istifadə edilən material ənənəvi pambıq parça ilə müqayisədə daha sıx toxumaya qovuşub.
Bioloji parçanın rəngləndirilməsində də təbii üsullara üstünlük verilib. Alimlər portağal, mavi və bənövşəyi piqmentlər istehsal edəcək şəkildə genetik quruluşu dəyişdirilmiş maya hüceyrələrini prosesə daxil edərək parçaya rəng qatıblar. Müəyyən şərtlər altında cırılma və zədələri öz-özünə bərpa edə bilən bu "canlı paltar" hələ insanlar tərəfindən sınaqdan keçirilməyib.
Tədqiqatda istifadə edilən "Cordyceps" növü göbələklər populyar mədəniyyətdə "The Last of Us" oyunu və serialı ilə tanınır.
Uydurma kainatda insanları yoluxturan bu orqanizm növü real dünyada insanlar üçün heç bir təhlükə yaratmır.
Alimlər bu canlı strukturun zərərsiz xüsusiyyətlərindən yararlanaraq tekstil sektorunda ekoloji cəhətdən təmiz və davamlı alternativ istehsal etməyi hədəfləyirlər. (Milli.az)
Bizim.Media