Braziliyanın Xarici İşlər Nazirliyi Argentina Prezidenti Xavyer Mileyin ölkə prezidenti Luiz İnasiu Lula da Silvanın ünvanına səsləndirdiyi təhqiramiz ifadələrdən sonra Argentinadakı səfiri Juliu Bitellini məsləhətləşmələr üçün geri çağırıb. Juliu Bitellinin Buenos-Ayresə nə vaxt qayıdacağı hələlik açıqlanmayıb.
Bizim.Media xəbər verir ki, bu barədə CNN Brasil telekanalı ölkənin Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.
Səfir yaxın vaxtlarda Braziliyanın paytaxtına gələcək və onun xarici işlər naziri Mauro Vieyra ilə görüşü artıq planlaşdırılıb. Bitellinin Buenos-Ayresə mümkün qayıdış tarixi isə hələ açıqlanmayıb.
İyulun 25-də Xavyer Miley San-Pauluda Liberal Partiyanın (PL) qurultayında çıxış edib. Qurultayda senator Flavio Bolsonaru oktyabr ayında keçiriləcək prezident seçkilərində partiyanın rəsmi namizədi elan olunub.
Argentina prezidenti çıxışı zamanı təkcə Luiz İnasiu Lula da Silvanı deyil, həm də Braziliya Ali Federal Məhkəməsinin (STF) hakimi Aleşandri di Moraisi təhqir edib.
CNN Brasil qeyd edir ki, Mileyin sərt bəyanatlarının səbəbi məhkəmənin ona ev dustaqlığında olan sabiq prezident Jair Bolsonaru ziyarət etməyə icazə verməməsi ola bilər. Bolsonaro Mileyin siyasi müttəfiqlərindən biri hesab olunur.
Bizim.Media