“Korrupsiya cinayətlərini, insan alverini, narkotiklərin qanunsuz dövriyyəsini və bu kimi digər cinayətləri birləşdirən amillərdən biri qanunsuz gəlir əldə edilməsidir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev “Trend”ə və REAL TV-yə birgə müsahibəsində deyib.
“Bu cinayətlər nəticəsində əldə olunan maliyyə vəsaitləri sonradan leqallaşdırılır və istifadə edilir”, – deyə Kamran Əliyev bildirib.
Onun sözlərinə görə, insan alverinə qarşı mübarizə sahəsində dövlət qurumları fəaliyyətlərini əlaqələndirirlər.
“Ölkəmizdə insan alverinə qarşı kəsərli mübarizə aparılır. Bununla bağlı 2026–2030-cu illəri əhatə edən dövlət proqramı var. Daxili İşlər Nazirliyinin müvafiq idarəsi də fəaliyyət göstərir və bu sahədə dövlət qurumları işlərini əlaqələndirirlər. Əsas məsələlərdən biri həm bu cinayətlərə, həm də onların nəticəsində əldə olunan maliyyə vəsaitlərinin leqallaşdırılmasına qarşı mübarizə aparmaqdır”, – deyə o bildirib.
Kamran Əliyev vurğulayıb ki, həm cinayətlərin törədilməsinə, həm də onlardan əldə olunan vəsaitlərin leqallaşdırılmasına qarşı mübarizə aparılmalıdır:
“Cinayətlərin özünə qarşı mübarizə aparıb, onlardan əldə edilən vəsaitlərin leqallaşdırılmasına qarşı kifayət qədər səmərəli mübarizə aparmasaq, nəticə əldə edə bilmərik. Eyni zamanda, yalnız qanunsuz vəsaitlərin leqallaşdırılmasına diqqət yetirib həmin vəsaitlərin hansı cinayətlərdən əldə olunduğunu diqqətdən kənarda qoysaq, mübarizə yenə səmərəli olmayacaq. Fəaliyyətimizin hər iki istiqamətdə səmərəli olmasına çalışırıq”.
Bizim.Media