Rusiyada qəbul kampaniyası dövründə fırıldaqçılar abituriyentləri hədəf alan yeni üsullardan istifadə edirlər.
Bizim.Media xəbər verir ki, dələduzlar gənclərin stressindən və tələskənliyindən istifadə edərək “Qəbulun təsdiqlənməsi” və ya “Sənədləri təcili yükləyin” kimi başlıqlarla fişinq məktubları göndərirlər.
Bu məktublarda adətən universitetlərin saxta internet səhifələrinə keçidlər yerləşdirilir. Qurbanlardan “Dövlət xidmət” hesabının giriş və şifrəsini, eləcə də bank kartlarının məlumatlarını daxil etmək tələb olunur.
Mütəxəssislər bildirirlər ki, tələsik vəziyyətdə olan abituriyentlərin çoxu göndərənin elektron poçt ünvanını yoxlamır.
“Mail” şirkətinin spam analiz qrupunun rəhbəri Dmitri Moryakov xatırladıb ki, universitetlər heç vaxt elektron poçt vasitəsilə parolların təqdim edilməsini tələb etmir.
Onun sözlərinə görə, göndərənin domen adını yoxlamaqla yanaşı, təhsil müəssisələrinin rəsmi saytlarına yalnız ünvanı özünüz daxil etməklə keçmək daha təhlükəsizdir, məktubdakı keçidlərdən istifadə etmək tövsiyə edilmir.
Bizim.Media