ABŞ-ın Texas ştatındakı ən böyük hərbi bazalarından biri olan "Fort Hud"da (Fort Hood) yerləşən yeməkxana tarakanların çoxalması səbəbindən bağlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.
Bildirilib ki, bu, bazada xidmət edən hərbçilərin lazımi qida xidmətindən məhrum olmasına səbəb olub.
Məlumata görə, təxminən 34 000 hərbi qulluqçudan ibarət 1-ci Süvari Diviziyasının yerləşdiyi bazadakı yeməkxana problem tam həll olunana qədər açılmayacaq.
Yeməkxananın bağlanması hərbi qulluqçuların həyatını çətinləşdirib. Belə ki, fəaliyyətini davam etdirən digər iaşə obyektləri məhdudlaşdırılmış qrafiklə işləyir, bazanın geniş ərazisi nəzərə alındıqda isə onlara çatmaq heç də asan deyil.
Telekanal qeyd edir ki, Amerika ordusunda bu cür hadisələrin baş verməsi ilk dəfə deyil. Hərbçilər müntəzəm olaraq kif, az bişmiş yemək və yeməkxanalardakı antisanitar şəraitdən şikayətlənirlər.

Bizim.Media