ABŞ Prezidenti Donald Trampın futbol üzrə dünya çempionatının finalından sonra Merilend ştatındakı Endryus Birləşmiş Hərbi Hava Bazasında jurnalistlərə açıqlama verdiyi zaman arxa planda görünən şəxsin guya onun "dublyoru" və ya "ehtiyat Tramp" olduğu ilə bağlı iddialar gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, iddialar "The Daily Show" verilişinin aparıcısı Con Stüartın bu görüntülərlə bağlı hazırladığı satirik süjetdən sonra geniş yayılıb.
Lakin iyulun 19-da çəkilmiş orijinal kadrlar əsl mənzərəni üzə çıxarıb. Belə ki, Trampın arxasında görünən şəxs prezidentin dublyoru deyil, həyat yoldaşı Melaniya Trampın atası Viktor Knavsdır.
Ağ Evin mətbuat xidməti iyulun 19-da Dünya çempionatının finalından sonra Nyu-Cersi ştatının Nyuark şəhərindən Endryus Hərbi Hava Bazasına "Air Force One" təyyarəsi ilə qayıdan nümayəndə heyətinin siyahısını da yayıb. Siyahıda prezident Donald Trampdan sonra ikinci şəxs kimi Viktor Knavsın adı yer alıb.
Qeyd edək ki, Viktor Knavs ABŞ-nin birinci xanımı Melaniya Trampın atasıdır. O, əvvəllər də Ağ Evin rəsmi tədbirlərində iştirak edib və 2025-ci il yanvarın 21-də Vaşinqton Milli Kafedralında keçirilən milli dua mərasimindən çıxarkən çəkilmiş rəsmi fotolarda da görüntülənib.


Bizim.Media