İngiltərəli idman jurnalisti Mark Deksterin 30 il əvvəl itirdiyi pul qabı təsadüfən tapılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Böyük Britaniya mediası məlumat yayıb.
Tapılan pul qabının içərisində diqqətçəkən ən maraqlı əşyalardan biri Mark Deksterin vaxtilə "Yorkshire Evening Post" qəzetində idman müxbiri işlədiyi və komandanın oyunlarını işıqlandırdığı dövrə — "Lids Yunayted" futbol klubunun 1992–1993-cü illər mövsümünə aid rəsmi üzvlük kartı olub.
Dekster pul qabını konkret olaraq harada və necə itirdiyini xatırlamadığını bildirib. O, vaxtilə Rouden rayonunda yaşadığını və yerli iaşə obyektlərinə tez-tez baş çəkdiyini desə də, bu əşyanın tamam başqa bir ərazidə necə peyda olmasını izah edə bilməyib.
Məlumata görə, pul qabını meşə məktəbinin (təbiət qoynunda təhsil layihəsi) təşkilatçısı olan bir qadın tapıb. O, sahibini tapmaq ümidi ilə tapıntının fotolarını "Facebook" sosial şəbəkəsində paylaşıb. Təsadüfən jurnalistin həyat yoldaşı həmin paylaşımı görüb və ailə pul qabını tapan şəxslə əlaqə saxlayıb.
Qadının sözlərinə görə, pul qabı əvvəllər şəxsi bağ sahəsi və otel ərazisinin bir hissəsi olmuş kolluqların təmizlənməsi zamanı torpağın altından aşkarlanıb.
Jurnalist bu tapıntının onun üçün keçmişə, xüsusən də idman jurnalistikasında aktiv fəaliyyət göstərdiyi və gəncliyindən zövq aldığı unudulmaz illərə gözlənilməz və xoş bir qayıdış olduğunu qeyd edib.
Bizim.Media