Ukrayna ordusunun kütləvi dron hücumları nəticəsində Krım yarımadasının enerji sistemində yaranmış ciddi böhranla əlaqədar yerli əhaliyə xüsusi müraciət olunub. Krım rəhbərinin müşaviri Oleq Kryuçkov yarımada sakinlərini elektrik şəbəkələrindəki qəza tamamilə aradan qaldırılana qədər elektrik enerjisindən istifadəni maksimum dərəcədə məhdudlaşdırmağa çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı regional administrasiyanın rəsmi nümayəndəsi yayıb.
Kryuçkov sakinlərdən hazırkı böhranlı vəziyyətdə enerji sistemindəki yükü azaltmaq üçün kondisionerləri, eləcə də məişətdə zəruri olmayan digər güclü elektrik cihazlarını müvəqqəti olaraq söndürməyi xahiş edib.
Xatırladaq ki, ötən gecə Kerç və "Qafqaz" limanlarına, həmçinin enerji infrastrukturuna endirilən kütləvi zərbələrdən sonra Sevastopol başda olmaqla yarımadanın böyük bir hissəsi işıqsız qalıb, Sevastopolda fasiləli elektrik kəsintiləri tətbiq olunub və yanacaqdoldurma məntəqələrində benzinin satışı tamamilə dayandırılıb.
Ekspertlərin fikrincə, istehlakın könüllü şəkildə azaldılmaması şəbəkənin tamamilə çökməsinə səbəb ola bilər.
Bizim.Media