BMT baş katibi Antoniu Quterreşin mətbuat katibinin müavini Farhan Haq bəyan edib ki, mayın 15-də İsrail hərbçiləri Cənubi Livandakı BMT qüvvələrinin (UNIFIL) sülhməramlılarına iki dəfə mane olublar.
Bizim.Media xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.
Haq jurnalistlərə bildirib ki, hadisələrin birində Livanın Əl-Bayada şəhərindən cənubda bir tank Livan Qırmızı Xaç Cəmiyyətini müşayiət edən sülhməramlıları saxlayıb, əsas lüləsini karvana doğru tuşlayıb və onlara ərazini tərk etməyi əmr edib. Daha sonra karvan hərəkətini davam etdirib.
Haqın sözlərinə görə, ikinci insident zamanı İsrail tankı Nakura yaxınlığında UNIFIL patrulunun yolunu az müddətə kəsib.
"Bu cür məhdudiyyətlər UNIFIL-in hərəkət azadlığına hörmət etmək öhdəliyi ilə bir araya sığmır. Biz bütün tərəfləri bu öhdəliyə tam əməl etməyə çağırırıq", – deyə o bildirib.
Haq həmçinin jurnalistlərə məlumat verib ki, mayın 15-də İsrail hərbçiləri tərəfindən atılan üç mərmi UNIFIL mövqeyindən təxminən 70 metr aralıda partlayıb.
Bizim.Media