Norovirus epidemiyasının qeydə alındığı laynerin sağlam sərnişinlərinə ekskursiyalara getməyə icazə verilib.
Bizim.Media "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə məlumatı gəminin sahibi olan "Ambassador Cruise Line" şirkəti yayıb.
"Qonaqlar artıq gəmidən düşə bilərlər və planlaşdırılan bütün ekskursiyalar qrafikə uyğun davam edəcək", - deyə məlumatda qeyd olunub.
Bundan əvvəl Fransa hakimiyyəti kruiz layneri üçün karantini ləğv etmiş və xəstəlik simptomları olmayan şəxslərin sahilə çıxmasına icazə vermişdi.
Gəmidə əsasən İrlandiya və Böyük Britaniyadan olan 1187 sərnişin, həmçinin 514 ekipaj üzvü var. Gəminin operatoru olan "Ambassador Cruise Line" şirkətinin məlumatına görə, 48 sərnişin və bir ekipaj üzvündə mədə-bağırsaq pozuntusu simptomları aşkarlanıb. Xəstələnən şəxslərin analizləri Bordo şəhərindəki xəstəxanada yoxlanılır.
Qeyd edək ki, norovirus – kəskin formada ishal və qusma ilə müşayiət olunan, xəstədə bədənin susuzlaşmasına səbəb olan, yüksək yoluxuculuğa malik qastroenterit törədicisidir.
"Ambition" layneri mayın 8-də Belfastdan yola düşüb, növbəti gün Liverpula daxil olub, daha sonra isə Fransa və İspaniyaya iki həftəlik səyahətə başlayıb.
Gəmidə bağırsaq infeksiyasının kütləvi yayılması sərnişinlərin Liverpulda gəmiyə minməsindən sonra başlayıb.
Bizim.Media