İranda yanvar ayındakı etirazlarla əlaqəli daha üç məhbus dar ağacından asılıb.
Bizim.Media xəbər verir ki, “Fars News” xəbər agentliyinin məlumatına görə, edamlar bu dəfə Məşhəd şəhərində həyata keçirilib.
Bildirilib ki, İbrahim Dövlətabadi, Mehdi Rəsuli və Məhəmmədrza Miri “təhlükəsizlik qüvvələrinin üzvü” kimi təqdim edilən Həmidrza Yusifnejadın qətlində birbaşa rol oynamaqda ittiham ediliblər. Eyni zamanda, həmin şəxslərin “Mossadla əməkdaşlıq”da günahlandırıldığı da vurğulanıb.
Bununla belə, vəkil Mərziyə Mohəbbi qeyd edib ki, edam olunan şəxslər 21 və 25 yaşlarında fəhlə olublar və ölüm hökmləri ailələrinə əvvəlcədən xəbərdarlıq edilmədən icra edilib.
Onun sözlərinə görə, cəsədlər bazar günü səhər saat 10:00 radələrində qəbiristanlıqda ailələrinə təhvil verilib.
İbrahim Dövlətabadinin edamı ilə bağlı hakimiyyət orqanları onun Məşhədin Tabarsi məhəlləsində baş verən “etirazların əsas liderlərindən biri” olduğunu iddia edir. (Independent Persian)
Bizim.Media