Gürcüstanı paytaxtı Tiflisdə yenidən etiraz aksiyaları start götürüb.
Axar.az xəbər verir ki, aksiyaya bir sıra müxalif partiya və hərəkatlar da dəstək verir. Məlumata görə, aksiya iştirakçıları ədalət tam bərpa olunana qədər aksiyanı davam etdirməkdə qərarlıdırlar.
Axşama doğru aksiyanın daha kütləvi xarakter alacağı bildirilir.
Qeyd edək ki, ötən ilin dekabrın 1-də Tiflisdə 16 yaşlı David Saralidze və Levan Dadunaşvili mübahisə zamanı bıçaqlanaraq öldürülüblər. Məhkəmənin cinayəti törədən şəxsləri qismən təqsirli bilməsi ölənlərin ailə və yaxınlarının ciddi qəzəb və etirazına səbəb olub. Nəticədə Tiflisdə genişmiqyaslı aksiyalar başlayıb. Aksiyalardan sonra ölkənin baş prokuroru istefaya gedib.
***
Aksiya iştirakçıları Tiflisin əsas prospekti – Rustavelini bağlayıblar.
Məlumata görə, etirazçıların sayı 5 minə çatdıqdan sonra prospektin bağlanılması barədə qərar verilib. Polislə ciddi qarşıdurma baş verib və bir neçə nəfər saxlanılıb. Buna baxmayaraq, aksiyaçılar prospekti bağlamağa nail olublar.
Aksiyada qaldırılan plakatlarda “Öldürmə”, “Cinayətkarları cəzalandır”, “Ədalət tələb edirik”, “Zaza, möhkəm ol” şüarları qeyd edilib.
***
Öldürülən yeniyetmənin atası Zaza Saralidze aksiyanın keçirildiyi meydana gəlib və xalqa sona qədər mübarizə aparmaq yönündə çağırış edib.
Saralidze həyat yoldaşının səhhətinin pisləşməsi səbəbindən bir az əvvəl mitinqdə iştirak etmədiyini də bildirib.
***
Tiflisdə etiraz aksiyası başa çatıb.
Rustaveli prospektijdə avtomobillərin hərəkəti bərpa olunub.
Qeyd edək ki, Z.Saralidze bildirib ki, sabah günorta saatlarında baş nazir Georgi Kvirikaşvili ilə görüşəcək.