Gürcüstanda 10-cu çağırış Parlament seçkiləri keçirilir.
Bizim.Media xəbər verir ki, bu gün saat 08:00-da başlayan səsvermə prosesi axşam 20:00-dək davam edəcək.
Ölkə üzrə 3 657 seçki məntəqəsində 3 526 023 vətəndaş öz seçimini edəcək.
Seçicilər 48-i siyasi partiya, 2-si isə seçki bloku olmaqla, 50 seçki subyekti arasında seçim etməli olacaqlar. Onlar siyasi təşkilatlar və təşəbbüs qruplarının irəli sürdükləri majoritar namizədlərə də səs verməlidirlər.
Parlament seçkilərini yerli müşahidəçilərlə yanaşı, 20 səfirlik və 23 beynəlxalq təşkilatın nümayəndələri izləyir.
Xatırladaq ki, bu il iyunun 29-da Gürcüstan parlamenti müxalifətlə hakim partiya arasında razılaşdırılan memoranduma əsasən, seçki məcəlləsinə düzəlişi təsdiqləyib.
Düzəlişə əsasən, bu il keçiriləcək parlament seçkilərində 150 deputatdan 120-i proporsional, 30-u isə majoritar qaydada seçiləcək. Bundan başqa seçkilərdə baryer 5 faizdən 1 faizə endirilib, təkbaşına hökuməti formalaşdırmaq istəyən partiya səslərin minimum 40%-nə sahib olmalıdır.
Bizim.Media