İyunun 1-dən etibarən rayon qeydiyyatında, eləcədə Sumqayıt şəhərində və Abşeron rayonu qeydiyyatında olan avtomobillərin Bakıya girişi qadağan edilib.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev mətbuata verdiyi məlumatda bildirib ki, bu addımı atmaqda məqsəd sürücülərin rahatlığını təmin etməkdir: "Bir neçə gün sonra Bakı-Sumqayıt qatar yolu istifadəyə veriləcək. Bölgələrdən gələn minik maşınlarının isə şəhər ətrafında saxlanılması üçün dayanacaqlar var. Bu, I Avropa Oyunları zamanı əhalinin rahatlığı üçün düşünülmüş bir addımdır. Bakı qeydiyyatında olan bütün avtomobillər isə şəhərdə rahatlıqla hərəkət edəcək".
Bu qadağa avtomobili rayon qeydiyyatında olan şəxslərin narazılığına səbəb olub. Bir çox hüquqşünaslar isə bu qaydaların vətəndaşların hüququnu pozduğunu bildiriblər.
Musavat.com-un əməkdaşı bu qadağanı ekspertlərlə dəyərləndirməyə çalışıb.
Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli açıqlamasında bildirib ki, bu qadağaların tətbiqi vətəndaşların konstitusion hüququnu pozur: “Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunub ki, insanların ölkə daxilində istənilən yerdə hərəkətini məhdudlaşdırmaq olmaz. Vətəndaşların hüquqları baxımından məsələyə yanaşsaq, rayon qeydiyyatında olan avtomobillərin şəhərə buraxılmaması, onlar üçün xüsusi dayanacaq yaradılması və avtomobillərin oraya toplanması sürücülərin hüquqlarını məhdudlaşdırır. Bir şeyi də nəzərə almaq lazımdır ki, Bakıya xəstəsi və ya təcili işlərlə bağlı paytaxta gəlmək istəyən insanlar var. Onların hərəkətinə qadağa qoyulması ağır nəticələrə səbəb ola bilər. Ancaq burada bir istisna hal var ki, söhbət beynəlxalq miqyasda tədbirin həyata keçirilməsindən, bu zaman Bakıda sıxlığın azaldılmasından söhbət gedirsə, burada müəyyən zaman kəsimlərində məhdudlaşmadan söhbət gedə bilər. Məsələn, yük avtomobillərinın giriş-çıxışına əsasən axşam saatlarında icazə verilir. Bakıya ərzaq məhsulları gətirən, müxtəlif firmaların məhsullarını paytaxta daşıyan avtomobillər var ki, onların hərəkətinə tamamilə deyil, gündüz saatlarında məhdudiyyət qoyulması başadüşüləndir. Qadağalar qoyulsa belə, burada müəyyən yumşaldıcı şərtlər olmalı idi”x9d.
Ekspert onu da qeyd etdi ki, şəhərdə nəqliyyatın hərəkətinin tənzimlənməsi baxımından atılan addımlardan bəziləri başadüşüləndir: “Yollarda Avropa Oyunları üçün zolaqlar ayrılıb. Bu da oyunlar zamanı hərəkəti asanlaşdıracaq. Ancaq tətbiq olunan bu qadağalar heç bir qanuna əsaslanmır. Yol hərəkəti haqqında qanunda və digər qanunlarda elə bir hal nəzərdə tutulmayıb ki, rayon qeydiyyatında olan minik avtomobillərinin şəhərə giriş-çıxışını qadağan etsin. Yalnız müvəqqəti olaraq fərmanlar verilə bilər ki, bu müddətdə hərəkət məhdudlaşdırılsın. Bu günki tətbiq olunan qadağalar da məhz Azərbaycan Dövlət Yol Polisi və eyni zamanda Nəqliyyat Nazirliyinin yaratdığı qaydalara əsaslanır. Bu qaydalar üçün konkret zaman yoxdur, məqama uyğun olaraq tətbiq oluna bilər. Həmin qaydalar da vətəndaşların hüquqlarının pozulmaması şərtilə həyata keçirilməlidir. Beynəlxalq təcrübədə bu tipli hallara rast gəlinməyib. Xaricdə heç bir tədbirə görə insanların hansısa şəhərə girişi qadağan olunmayıb”x9d.
Ərşad Hüseynov isə sosial şəbəkədəki səhifəsində bu məsələni belə şərh edib: “Avtomobillərin Bakı şəhərinə daxil olmasının qarşısının alınması, habelə Oyunlar zolağında hərəkətlə bağlı suallar artmaqdadır. Bu sualları verənlərə və bu məsələ ilə maraqlananlara ümumi şəkildə bunları demək istəyirəm ki, gəlin həmin məhdudiyyət tədbirlərinin hüquqi xırdalıqlarını axtarmağı kənara qoyaq. Məncə, bunun müzakirəsinin əhəmiyyəti yoxdur. Əsas diqqəti bu tədbirlərin zəruriliyi məsələsinə yönəldərək, nəticə çıxarmağımız daha rahat və praqmatik olar. Ona görə də heç kəs xüsusi narahatçılıq keçirməsin, ilk günlərdə müəyyən gərginlik olsa da, yaxın günlərdə hər şey təbii axaraına düşəcək. Çünki hər kəs yaranmış şəraitdə özü üçün fərdi çıxış yolu tapmağa məcbrdur və bunu tapacaq. Təsadüfi deyil ki, məhdudiyyətlər oyunlara 10 gün qalmışdan tətbiq edilməyə başlayıb. Hədəf də odur ki, hər kəsin özünə sərf edən, şəraitə uyğun və rahat olan davranış variantı seçməsinə imkan olsun.
Bununla bağlı yalnız üç tövsiyə verə bilərəm:
1. İstər Bakı şəhərində, istərsə də Bakıya gələrkən fərdi avtomobillərinizdən istifadəni bu 1 ay müddətində minimuma endirin. Bu, xüsusən rayonlarda yaşayanlar üçün vacibdir.
2. Əgər fərdi avtomobildən istifadə qaçılmazdırsa, onda elə hərəkət marşrutu seçməyə çalışın ki, Oyunlar zolağı olan yollardan keçməli olmayasınız.
3. Oyunlar zolağı olan yollardan keçmək də qaçılmazdırsa, onda həmin zolaqlara daxil olmayın, sadəcə səbrli və diqqətli olun. Çalışın ki, özünüzə və başqalarına problem yaratmayın. Məncə, hər kəs bir az fikirləşsə, özü üçün şəraitə uyğun çıxış yolunu tapacaq”x9d.