Moderator.az bənzərsiz şairimiz Rüstəm Behrudinin 3 yaşlı Fərəhin dünənki yanğında həlak olmasına həsr etdiyi ağını oxuculara təqdim edir:
Tanrını diksindirməyin zamanı...
Baş daşının çiçəkdən, iblisin mələkdən gözəl göründüyü, mələklərin Tanrıdan daha çox sevildiyi günlər gəldi, ruhum mənim. Çiçəklərin ləçəklərindən, ağacların yarpaqlarından əvvəl öldüyü gündü Azərbaycanda! Daha hıçqırıqların, hönkürtülərin pıçıltıyla, andların dua ilə əvəzləndiyi gündü, ruhum mənim! Bizim günümüzdü hər kəsdən daha çox. İçimdə hönkürtü ilə pıçıltının, andla duanın qarışığından doğan bir kədər var. Hüznlüdü hər şey!
Hər kəsin ölümü öz bətnindədi.
Olmayan olandan daha gözəl, gedən qalandan daha xoşbəxtdi, ruhum mənim!
Heç nə olduğu kimi anladılmayacaq heç vaxt....
Baş daşının çiçəkdən, iblisin mələkdən gözəl olduğu gün gəldi Azərbayçanda! Bəndələrdə güc, Tanrıda şəfqət tükənib daha.
Göz yaşları yalnızlığın rəsminə, andlar duaya çevrilməlidi. Baş daşımızı özümüz yonmağa öyrəşməliyik daha. Qəbrini özü qazıb, baş daşını özü yonan kişiyə baxıb diksinər Tanrı!
Tanrını diksindirməyin zamanı gəldi. Ölən o balaca qızcığaz adam deyildi ki, yarımçıq bir duaydı, qopdu düşdü dilimdən.
Ölən qızcığazın anasının fəryadı qulaqlarımdadı:
Mən yasda, sən toy adamı,
Mənim yasım yasın deyil.
Dualarım sənə çatmaz,
Çünkü duam "Yasin" deyil.
Duası "Yasin" olmayanların, Allahsızların, Tanrısızların Allaha, Tanrıya meydan oxuduğu məmləkətdə yaşıyırıq biz.
Tanrını diksindirməyin zamanı gəldi! Çünkü:
Mən hara ayaq basdım,
Gördüm orda qəm-yasdı,
Dar ağacıyam,asdım
Mən özümü özümdən.