Azərbaycanda Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, digər şəhər və rayonlarda fəaliyyət göstərən mehmanxana və sanatoriyalara tətbiq olunan 75 faizlik əmlak vergisi güzəşti gələn il başa çatır.
Bu ərazilərdə mehmanxana və sanatoriya fəaliyyətində istifadə olunan yerləşmə vasitəsi olan daşınmaz əmlaklara görə əmlak vergisi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə 75 faiz azaldılıb.
Beləliklə, güzəştin müddəti 2026-cı il dekabrın 31-də başa çatır. Güzəşt müddəti uzadılmayacağıı təqdirdə, 2027-ci il yanvarın 1-dən həmin daşınmaz əmlaklara görə əmlak vergisi üzrə 75 faizlik azalma tətbiq edilməyəcək.
Qanunvericilikdə mehmanxana və sanatoriya fəaliyyəti ilə bağlı bu güzəştdən əlavə, müəyyən kateqoriyalara aid əmlak vergisi azadolmaları da nəzərdə tutulur.
İnvestisiya təşviqi sənədi almış hüquqi şəxslər və fərdi sahibkarlar həmin sənədi aldıqları tarixdən etibarən müvafiq investisiya layihəsi çərçivəsində investisiya vəsaiti hesabına əldə etdikləri əmlaka görə 7 il müddətinə əmlak vergisindən azaddırlar. Bu güzəşt sənəd alınmazdan əvvəl əldə edilərək sahibkarlıq fəaliyyətində istifadə olunan əmlaka şamil edilmir.
Qeyd edək ki, sözügedən güzəştlərin müddətinin uzadılması ilə bağlı hələlik rəsmi qurumlardan hər hansı açıqlama verilməyib.
Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən iqtisadçı Natiq Cəfərli deyib ki, istənilən güzəştin ləğvi qiymət artımına gətirib çıxarır:
“Ona görə də əgər, yanvar ayından bölgələrdə vergi güzəştləri ləğv olunsa, o zaman regionlardakı hotellərin qiyməti artacaq. Amma maraqlı bir məqam var. Turizmin inkişafını prioritet elan etmişik və bununla bağlı yeni Dövlət Proqramı da qəbul olunub. Bu səbəbdən də güzəştlərin daha 5 il uzadılması məntiqli görünür. Əks təqdirdə, bölgələrdə hotellərin qiymətində artım qaçılmaz olacaq”.
Surxay Atakişiyev, Bizim.Media